ÜST “omikron” ştamına görə xəstəxanaya yerləşdirmə və ölüm hallarının artacağını gözləyir
Bakı, 14 dekabr, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun “omikron” ştamının daha da yayılacağını proqnozlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətindən “RİA Novosti”yə verilən məlumatda bildirilir.
“Dünyada yoluxma hallarının sayı artdıqca, xəstəxanaya yerləşdirmə və hətta ölüm hallarının sayı ilə bağlı məlumatları gözləyirik”, – deyə bildirilib.
Bir gün əvvəl Böyük Britaniya “omikron” ştamından ilk ölüm halı ilə bağlı xəbər yaymışdı.
“Bir çox ölkələr hələ də bütün yoluxma və ya ölüm hallarının nümunələrini ardıcıl olaraq təhlil etmək imkanına malik deyillər, buna görə də müəyyən bir variantın səbəb olduğu ölüm halları haqqında məlumatı dəqiq təqdim etmək çətindir”, – deyə ÜST-dən bildiriblər.
“Omikron”un ağırlığı ilə bağlı daha ətraflı məlumatlar yaxın həftələrdə əldə oluna bilər: yoluxma ilə nəticələr arasında müəyyən zaman keçməlidir.