Uşaqların Günəş Eynəyi Taxması Nə Üçün Vacibdir? Həkim-mütəxəssis Nərmin Əzizova

Uşaqların gözləri böyüklərə nisbətən günəş işığına daha həssasdır və ultrabənövşəyi şüalardan daha az müdafiə olunur. 10 yaşına qədər olan uşaqlarda göz bəbəkləri daha geniş, göz linzası isə daha şəffaf olur ki, bu da zərərli ultrabənövşəyi şüalarının torlu qişaya (retina) daha çox çatmasına səbəb olur. Bu şüalar zamanla ciddi göz xəstəliklərinə, o cümlədən erkən yaşda katarakta, makula degenerasiyası, retinal zədələnmələr və görmə qabiliyyətinin zəifləməsinə səbəb ola bilər.
Araşdırmalara görə:
- Amerikalı pediatrik oftalmoloqlar bildirirlər ki, insan ömrü boyu aldığı ultrabənövşəyi şüalarının təxminən 80%-i 18 yaşına qədərki dövrdə toplanır.
- Hər il dünyada 1 milyona yaxın insan günəş işığı ilə bağlı göz zədələnmələri səbəbindən oftalmoloji yardıma ehtiyac duyur.
- Ümundünya Səhiyyə Təşkilatının məlumatına görə, ultrabənövşəyi şüaları yalnız dərini deyil, göz sağlamlığını da təhlükəyə atır – və bu risk uşaqlarda daha yüksəkdir.
Uşaqlar günəş eynəyi taxmağa nə zaman başlamalıdır?
Göz mütəxəssisləri 6 aylıqdan etibarən uşaqlara günəş eynəyi taxılmasını tövsiyə edirlər.
- 0–2 yaş: Yumşaq, elastik və arxasında rezin bantı olan, uşağın rahatlıqla çıxara bilməyəcəyi eynəklər məsləhət görülür. Bu yaş dövründə günəş şüalarından qorunma həm baş örtüyü, həm də eynəklə birgə təmin edilməlidir.
- 2 yaşdan sonra: Klassik dizayna malik, lakin uşaq ölçülərinə uyğun eynəklərə keçmək mümkündür. Əgər uşağınız hiperaktivdirsə və eynəyi daim çıxarırsa, bir az daha gözləmək və onu eynəyə tədricən alışdırmaq tövsiyə olunur.
Uşaqlar üçün düzgün günəş eynəyi necə seçilməlidir?
- Ultrabənövşəyi şüalardan qoruma səviyyəsi: Günəş eynəkləri aşağıdakı 5 sinfə bölünür:
- Klas 0: Qoruma yoxdur – yalnız estetik məqsədlidir.
- Klas 1: Aşağı səviyyəli qoruma – uşaqlar üçün uyğun deyil.
- Klas 2: Orta qoruma – zəif ultrabənövşəyi şüaları üçün.
- Klas 3: Güclü qoruma – uşaqlar üçün ən uyğun seçimdir.
- Klas 4: 99-100% ultrabənövşəyi qoruma – yüksək parlaqlıq və dağlıq bölgələr üçün idealdır.
Uşaqlar üçün ən az Klas 3 və ya Klas 4 qoruyucu eynəklər seçilməlidir.
- Şüşə rəngi və keyfiyyəti:
- Şüşələr çox tünd olmamalıdır, bu, görmə qabiliyyətini zəiflədə bilər.
- Ultrabənövşəyi qoruması yalnız rənglə bağlı deyil – şüşə keyfiyyətinə və ultrabənövşəyi filtrlərinin olub-olmamasına görə müəyyən edilir.
- UV400 işarəli eynəklər 100% qoruma təmin edir – bu cür məhsullara üstünlük verilməlidir.
- Material və təhlükəsizlik:
- Şüşələr polikarbonatdan hazırlanmalıdır – həm yüngül, həm də zərbəyə davamlıdır.
- Çərçivə yumşaq, elastik və qırılmaya davamlı olmalıdır.
- Boyasız və toksik olmayan materiallardan hazırlanmış modellər seçilməlidir – bəzi plastiklər allergiyaya səbəb ola bilər.
- Uşağın üz quruluşuna uyğunluq:
- Eynək burun yastıqcıqları yumşaq olmalı, uşaq taxanda burun və qulaqları sıxmamalıdır.
- Günəş işığının kənarlardan daxil olmaması üçün üzə tam oturan modellər seçilməlidir.
- Göz xəstəlikləri olan uşaqlar üçün xüsusi eynəklər:
- Əgər uşaqda miyopiya, hipermetropiya və ya astiqmatizm varsa, optometrist və ya oftalmoloqla məsləhətləşib optik dərəcəli günəş eynəyi düzəltdirmək lazımdır.
Yalnız Yayda Yox! Günəş eynəyi ilin hər fəsli vacibdir
Ultrabənövşəyi şüaları təkcə yayda deyil – buludlu havada, qış aylarında və qarla örtülü ərazilərdə də əks olunaraq gözə zərər verə bilər.
- Qışda qar ultrabənövşəyi şüalarını 80%-ə qədər əks etdirə bilir.
- Dəniz sahilində və qumlu ərazilərdə də şüalar çox asanlıqla gözə düşür.
Buna görə də uşaqlara ilboyu günəş eynəyi taxma vərdişi aşılanmalıdır.
Nəticə və valideynlərə tövsiyə:
- Uşaqlara günəş eynəyi bir aksessuar deyil, göz sağlamlığının qorunması üçün vacib tibbi vasitə kimi qəbul edilməlidir.
- Eynək seçimində diqqətli olun, ucuz və keyfiyyətsiz eynəklər gözə daha çox zərər verə bilər.
- Uşaqlara eynəyi sevdirin – onların sevdiyi rənglərdə, cizgi qəhrəmanları ilə bəzədilmiş modellər motivasiyaedici ola bilər.
- Günəş eynəyi ilə yanaşı, kənarları geniş papaqlar və kölgəli yerlərdə oyunlar da günəşdən qorumanın effektiv yollarıdır.
Həkim-mütəxəssis Nərmin Əzizova