Lənkəran xəstəxanasında maaş və təhdid qalmaqalı: Rəsmi açıqlama

Baxış
30

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında bəzi işçilər əməkhaqqılarının ödənilməməsindən və rəhbərlik tərəfindən təzyiqlərə məruz qalmalarından şikayətçidirlər.

Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.

Şikayətçinin sözlərinə görə, əməkdaşlar işə davamiyyət göstərmələrinə, əmək fəaliyyətlərini təsdiqləyən imzaların, kamera görüntülərinin və elektron sistemdə müvafiq qeydlərin olmasına baxmayaraq, maaşlarını ala bilmirlər.

Bildirilib ki, işçilərin işdə olmasını təsdiqləyən bütün zəruri sübutlar mövcuddur. Buna baxmayaraq, onlara məvaciblərinin ödənilmədiyi və vəziyyətin artıq dözülməz həddə çatdığı iddia edilir.

Şikayətçi həmçinin işçilərə qarşı hədə-qorxu və təhdid hallarının olduğunu bildirib.

Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) diqqətə çatdırılıb ki, işçinin şikayəti və əməkhaqqının ödənilməməsi iddiası araşdırılıb:

“Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında baş vermiş əməkhaqqı kəsintisi, işdən çıxarılma, iş şəraiti, intizam tənbehinin verilməsi və növbə qrafiklərinin pozulması halları ilə bağlı məsələlər İntizam komitəsi tərəfindən birbaşa Həmkarlar İttifaqı Komitəsinə yönləndirilib.

Araşdırma zamanı müəyyən edilib ki, işçilər təhkim olunduqları şöbədə əmək funksiyalarını və xidməti vəzifələrini icra etməkdən imtina etdiklərinə görə faktiki işlənilməyən dövr üçün onlara əməkhaqqı hesablanıb.

Həmkarlar İttifaqı Komitəsinin müvafiq rəyi və qərarı nəzərə alınaraq, əməkdaşlardan birinin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozduqda) əsasən xitam verilib.

İşçi və işəgötürən arasında yaranmış fərdi əmək mübahisəsi qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə müstəvisində həll olunur. Vətəndaş qanunla qorunan hüquq və mənafelərinin müdafiəsi məqsədilə müvafiq məhkəmə orqanına müraciət edə bilər”, – deyə məlumatda vurğulanıb.

Mənbə: https://oxu.az/cemiyyet/lenkeran-xestexanasinda-maas-ve-tehdid-qalmaqali-resmi-aciqlama

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin