Uşaqları "çöpçü"yə aparmaq TƏHLÜKƏLİDİR !!!

Bakı. 26 yanvar. REPORT.AZ/ Son günlər həm yazılı mətbuatda, həm də sosial şəbəkələrdə “çöpçü”lər mövzusu müzakirə olunur. “Report” məsələnin aktuallığını nəzərə alaraq mövzu ilə bağlı yazı hazırlayıb.

Səhiyyə Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, çöpçülük türkəçarədir: “Tibb elmində bu qəbuledilməzdir. Onların fəaliyyətini digər qurumlar araşdıra bilər. Qanuni olub-olmamasını, vergi yaxud fəaliyyət məsələləri digər nazirliklər tərəfindən araşdırıla bilər. Ancaq Səhiyyə Nazirliyi əhalini türkəçarələrə yox, hər hansı bir hal baş verdikdə həkimə müraciət etmələrini tövsiyə edir”.

Qulaq, burun, boğaz və baş-boyun cərrahı Elnur Əkbərov isə problemin həllinin elə də asan olmadığını bildirib. O qeyd edir ki, çöp daha çox uşaqlarda müşahidə olunduğu üçün bu tip problemlə valideyn ya pediatra, ya da qulaq-burun-boğaz həkiminə müraciət edir: “Çöpün əlamətləri yüksək qızdırma, boğazda ağrı, udqunma çətinliyi olduğu üçün bəzən mütəxəssislər diaqnozu düzgün təyin edə, üst tənəffüs yollarındakı yad cismi, yəni çöpü aşkarlaya bilmirlər. Bunun üzə çıxarılması üçün endoskopiya həyata keçirilməlidir. Burun boşluğu, burun-udlaq, əsnək və qırtlağın müayinəsi aparılmalıdır.

Yad cismi yalnız bu halda görmək mümkündür. Bu tip müayinənin uşaqlara aparılması müəyyən texniki problemlərə də bağlıdır. Həkimin endoskopiya imkanları məhdud olduğu üçün diaqnostik çətinliklə qarşılaşır, yad cisimləri xaric etmək onun üçün müşkülə çevrilir. Hazırda bəzi klinikalarda pediatrik endoskopiyanın icrası müasir avadanlığın köməyi ilə artıq mümkündür. Bu səbəbdən Azərbaycanın təbabət mühitində çöpçüyə elə də ehtiyac qalmayıb”.

LOR həkim Azərbaycanda bəzi tibb işçilərinin belə öz uşaqlarını çöpçü yanına aparmağına neqativ yanaşdığını deyib: “Çöpçü dediyimiz “mütəxəssis” hər hansı bir tibbi prosedurun aparılmasına hüquqi statusu olan şəxs deyil. Orqanizmə müdaxilə edərək yad cismin xaric edilməsi onun səlahiyyəti çərçivəsindən kənardır. Baş verə biləcək hansısa xoşagəlməz durumda çöpçünün cavabdehliyi məsələsi gündəmə gəlir.

Məsələn, çöpçü yad cismi üfləməklə və ya barmağı ilə xaric etməyə çalışdığı zaman o, alt tənəffüs yollarına, daha dəqiq desək, səs yarığı səviyyəsinə, traxeya və ya bronxlara düşə bilər. Bu halda xüsusi cərrahi komanda və avadanlıq olmadan yad cismin çıxarılması nəinki çətinləşər, hətta asfiksiya nəticəsində uşaq tələf ola bilər. Bu baxımdan, hər hansı bir kənddə, ya evdə belə prosedurun aparılması düzgün deyil. Çox risklidir.

Yad cismin ölçüsü, materialı və ilişib qaldığı tənəffüs yolunun səviyyəsindən asılı olaraq bu müdaxilə poliklinikada da icra oluna bilər. Məsələn, damaq badamcığına saplanmış yad bir cismi poliklinikada, ambulator şəraitdə kənarlaşdırmaq olar. Amma qırtlaqda, alt tənəffüs yollarında və yaxud burun-udlaq səviyyəsində qalan yad cismin xaric edilməsi üçün xüsusi tibbi avadanlığa ehtiyac var”.

Mütəxəssis tövsiyə edir ki, qida qəbulu zamanı danışmaq və ya diqqətin dağılması halı olmamalıdır.