Uşaqlarda boy artımına səbəb olan amillər
Bakı, 9 iyul, AZƏRTAC
Boy fiziki inkişafın ən vacib göstəricilərindən biridir. İdeal boya sahib olmaq hər kəsin arzusudur.
Həkimlərin dediyinə görə, boy problemi uşaq yaşlarından başlayaraq özünü göstərməyə başlayır. Boy artımı üçün vitamin və minerallarla zəngin qidalara üstünlük vermək, mütəmadi olaraq idmanla məşğul olmaq əsas şərtdir. Boy artımının ləngiməsinə genetik faktorlarla yanaşı düzgün qidalanmamaq, fiziki hərəkətsizlik, kəllə-beyin travmaları və xroniki xəstəliklər səbəb olur. Eyni zamanda, orqanizmdə hormon çatışmazlığı da fiziki inkişafa mane olan amillərdəndir. Həkimlərin dediyinə görə, boy artımının ləngiməsi 2-5 yaşarası aşkar edilir, ona görə valideynlər uşaqları mütəmadi olaraq müayinədən keçirməli və qidalanmasına xüsusi diqqət yetirməlidirlər.
Bakıdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədova AZƏRTAC-a bildirib ki, uşağın fiziki inkişafına təsir göstərən amillərdən biri də yuxu rejimidir. “İlk növbədə, uşağın düzgün qidalanmaması, ikincisi, uşağın normal rejiminin olmaması çox əhəmiyyətli məsələdir. Təəssüflər olsun ki, uşaqlar çox gec saatlarda yatırlar. Halbuki uşağın boyunun normal olması üçün onun axşam maksimum 11-in yarısından sonra yuxuya getməsi lazımdır, çünki boyun artımına təsir göstərən hormonlar gecə saat 11-in yarısı ilə gecə saat 3-dək daha çox sintez edildiyinə görə həmin vaxt yuxuda olmayan uşaqda boy artımına səbəb olan hormona qarşı çatışmazlıq yaranır və onlar boy problemi ilə üzləşirlər. Düzgün qidalanmayan, normal qaydada vitamin və mikroelementlər qəbul etməyən uşaqlarda da boy qısalığı halı müşahidə olunur”.
Müsahibimiz qeyd edib ki, ana südü də boy artımı üçün vacib faktordur. Bununla yanaşı, uşağın gün ərzində ən azı 1 saat açıq havada gəzməsi lazımdır: “Boya təsir göstərən əsas faktor yay fəslində günəş şüalarıdır. Günəş şüalarının təsirindən uşaqlarda sintez olunan D vitamini boy artımında əhəmiyyətli rol oynayır. Ona görə də valideynlər səhər saat 11, uzağı 12-yə qədər, axşam saat 5-dən sonra mütləq uşağın günəş suları almasını təmin etməlidirlər. Uşağın gələcəkdə boyunun uzun olmasını istəyən analar onu ilk iki ilində ana südü ilə qidalandırmağa çalışmalıdırlar, çünki ana südünün tərkibində boyun artmasına kömək edən elementlər var. Xüsusilə də 1 yaşına çatmamış uşaqlar ilk ayda mütləq həkim nəzarətində saxlanılmalıdır. Bununla yanaşı, uşaqda qalxanabənzər vəzi problemi olduqda onu mütləq şəkildə aradan qaldırmaq lazımdır, çünki bu problem təkcə boy ləngiməsinə yox, həm də yaddaşsızlığa səbəb olur”.