Baş pediatr: Dünyada hər il 2 milyona yaxın uşaq peyvənd vurulmadığı üçün həyatını itirir
Bakı, 9 iyul, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının təlimatlarına əsasən, uşaq sağlamlığına ən çox müsbət təsir göstərən, həmçinin dünyada uşaq ölümlərinin qarşısını alan əsas faktorlar ana südü və vaksinasiyadır. Təmiz su əlçatımlılığı da əsas faktorlardan hesab edilir.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov nazirliyinin rəsmi instaqram səhifəsində “Uşaqların vaksinasiya” mövzusundakı çıxışı zamanı bildirib.
Baş pediatr deyib ki, dünyada hər il təxminən 4-5 milyon uşaq məhz vaksinasiya sayəsində sağ qalır: “Təəssüflər olsun ki, bunun əksinə olaraq, ildə 2 milyona yaxın azyaşlı isə peyvənd vurulmadığı üçün həyatını itirir”.
E.Rəhimov qeyd edib ki, peyvənd vurdurmaqdan elə vaksinin ixtira edildiyi ilk illərdən etibarən qorxurlar: “Lakin nəzərə almaq lazımdır ki, vaksinasiya uşaqları bir sıra ölümcül xəstəliklərə qarşı, doğrudan da, müdafiə edir. Onu da qeyd etmək lazımdır ki, hər xəstəliyə qarşı peyvənd tətbiq edilmir. Müvafiq peyvəndlər törədəcəyi fəsadları ağır olan və qarşısını alına bilən xəstəliklər zamanı istifadə edilir. Nəticədə, orqanizmdə xəstəliyə qarşı əvvəlcədən immunitet formalaşır, insan ya ümumiyyətlə xəstələnmir, ya da xəstəliyi yüngül keçirir. İstənilən xəstəliyə qarşı tətbiq edilən vaksinlər ciddi elmi tədqiqatlara əsaslanır”.
Baş pediatrın dediyinə görə, vaksinasiyaya əks göstərişlər məhduddur: “Canlı peyvəndlər sadəcə immuniteti zəif olan uşaqlar üçün qadağandır. Misal üçün, xərçəngdən və ya birincili və ikincili immunitet azlığı xəstəliklərindən əziyyət çəkənlər üçün təhlükəlidir. Cansız peyvəndlərin tətbiqi üçün isə əks göstərişlər ümumiyyətlə məhduddur”.