Uşağın xaricə aparılması: Valideynlərin ən çox verdiyi suallar və hüquqi cavablar

Baxış
938

Yay tətili mövsümündə minlərlə azərbaycanlı ailə övladları ilə birlikdə xaricə səyahət edir. Məhz bu dövrdə Pediatriya.az-a daxil olan müraciətlərin əhəmiyyətli hissəsi azyaşlı uşaqların ölkədən çıxarılması ilə bağlı hüquqi məsələlərə aiddir.

Valideynlər ən çox bu sualları verirlər:

“Boşanmışam, uşağımı tək xaricə apara bilərəmmi?”

“Digər valideyn razılıq vermirsə, nə etməliyəm?”

“Məhkəmə qərarı varsa, yenə də notarial razılıq lazımdırmı?”

“Nənə uşağı xaricə apara bilərmi?”

“Uşaq idman komandası ilə yarışa gedirsə hansı sənədlər tələb olunur?”

Bu suallar ilk baxışdan sadə görünsə də, onların cavabı həm qanunvericilik, həm də məhkəmə təcrübəsi baxımından kifayət qədər genişdir.

Mövzu ilə bağlı valideynləri maraqlandıran sualları Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Aysel Rəsulova cavablandırır.

Uşağın xaricə aparılması hansı qanunla tənzimlənir?

Pediatriya.az: İlk olaraq bilmək istərdik ki, azyaşlı uşaqların ölkədən çıxarılması hansı qanunla tənzimlənir?

Aysel Rəsulova: Bu sahədə əsas normativ hüquqi akt Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsidir. Yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən çıxması qaydaları həmin Məcəllənin 11-ci maddəsində ətraflı şəkildə tənzimlənib.

Lakin məsələ təkcə Miqrasiya Məcəlləsi ilə məhdudlaşmır. Belə mübahisələrə baxılarkən Azərbaycan Respublikasının Ailə Məcəlləsi, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyası, eləcə də Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarı nəzərə alınır.

Ən vacib məqam isə ondan ibarətdir ki, bu qəbildən olan bütün mübahisələrdə əsas meyar valideynlərin istəyi deyil, uşağın üstün mənafeyidir.

Başqa sözlə desək, istər notarial razılıq məsələsində, istərsə də məhkəmə mübahisələrində verilən bütün qərarların mərkəzində uşağın hüquqları və maraqları dayanır.

Uşağı xaricə aparmaq üçün hər iki valideynin razılığı həmişə tələb olunur?

Pediatriya.az: Cəmiyyətdə belə fikir formalaşıb ki, uşaq xaricə gedirsə, mütləq hər iki valideynin razılığı olmalıdır. Bu doğrudurmu?

Aysel Rəsulova: Tam olaraq belə demək düzgün olmaz.

Əslində qanun hər vəziyyəti ayrıca tənzimləyir. Valideynlərin ən çox buraxdığı səhv də bütün hallara eyni qaydanın tətbiq olunduğunu düşünmələridir.

Məsələn, uşaq hər iki valideyni ilə birlikdə ölkədən çıxırsa, əlavə notarial razılıq tələb olunmur.

Əgər uşaq yalnız valideynlərdən biri ilə xaricə gedirsə, ümumi qaydaya əsasən digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur.

Uşaq valideynləri olmadan, məsələn qohumu, müəllimi və ya idman komandasının rəhbəri ilə ölkədən çıxırsa, qanunda nəzərdə tutulan razılıq sənədləri təqdim edilməlidir.

Yəni hüquqi baxımdan əsas məsələ uşağın hara getməsi deyil, kimin müşayiəti ilə ölkədən çıxmasıdır.

Ana uşağını təkbaşına xaricə apara bilərmi?

Pediatriya.az: Bu, demək olar ki, hər gün verilən sualdır. Ana uşağını təkbaşına xaricə apara bilərmi?

Aysel Rəsulova: Bəli, apara bilər. Lakin qanunun müəyyən etdiyi tələblərə əməl edilməlidir.

Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinə əsasən, uşaq valideynlərdən biri ilə ölkədən çıxdıqda digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur.

Burada ana və ata arasında heç bir fərq qoyulmur.

Yəni ana uşağı özü ilə xaricə aparmaq istəyirsə, bir qayda olaraq atanın notarial razılığı olmalıdır.

Bu qaydanın məqsədi valideynlərdən birinin hüquqlarını məhdudlaşdırmaq deyil, uşağın qanunsuz şəkildə ölkədən çıxarılmasının qarşısını almaq və hər iki valideynin hüquqlarını qorumaqdır.

Praktik nümunə

Xanım 8 yaşlı oğlunu yay tətilində Türkiyəyə aparmaq istəyir. Ata Azərbaycandadır, lakin səfərdə iştirak etmir.

Əgər qanunda nəzərdə tutulmuş istisna hallar mövcud deyilsə, uşağın ölkədən çıxması üçün atanın notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur.

Ata uşağını təkbaşına xaricə apara bilərmi?

Pediatriya.az: Bəzən belə düşünülür ki, bu qaydalar yalnız analara aiddir. Bu doğrudurmu?

Aysel Rəsulova: Xeyr.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, valideynlərin hüquqları bərabərdir.

Əgər ata uşağı özü ilə xaricə aparmaq istəyirsə, eyni qayda tətbiq olunur və ümumi qaydaya əsasən ananın notariat qaydasında təsdiq edilmiş razılığı tələb edilir.

Bu baxımdan qanun ana ilə ata arasında heç bir fərq qoymur.

Uşaq təkbaşına xaricə gedə bilərmi?

Pediatriya.az: Bəzən uşaqlar olimpiadalara, yarışlara və ya təhsil proqramlarına valideynləri olmadan gedirlər. Belə hallarda hansı qaydalar tətbiq olunur?

Aysel Rəsulova: Bu da AR Miqrasiya Məcəlləsinin ayrıca tənzimlədiyi məsələlərdəndir.

Yetkinlik yaşına çatmayan şəxs valideynləri ilə birlikdə deyil, təkbaşına və ya başqa şəxslərin müşayiəti ilə ölkədən çıxırsa, valideynlərin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur.

Əgər uşaq valideyn himayəsindən məhrumdursa, razılığı onu övladlığa götürən şəxs, himayəçi və ya qəyyum verir.

Praktik nümunə

12 yaşlı məktəbli beynəlxalq riyaziyyat olimpiadasında iştirak etmək üçün Almaniyaya gedir.

Səfərdə valideynləri iştirak etmir.

Bu halda təşkilatçı qurumun dəvəti ilə yanaşı, qanunvericilikdə nəzərdə tutulmuş  notarial razılıq sənədləri də tələb olunur.

Uşaq nənəsi, babası və ya digər qohumu ilə xaricə gedə bilərmi?

Pediatriya.az: Valideynlərdən biri gedə bilmədikdə uşağı nənə, baba və ya digər yaxın qohum apara bilərmi?

Aysel Rəsulova: Bəli, bu mümkündür.

Ancaq nəzərə almaq lazımdır ki, nənə, baba, xala, bibi, əmi və ya digər qohum valideyn hesab edilmir.

Ona görə də belə hallarda qanunla tələb olunan razılıq sənədləri mütləq qaydada təqdim olunmalıdır.

Qohumluq əlaqəsinin olması təkbaşına kifayət etmir.

Praktik nümunə

Valideynlər işlədiklərinə görə 10 yaşlı uşağı yay tətilində nənəsi ilə birlikdə Gürcüstana göndərmək istəyirlər.

Bu halda yalnız nənənin uşağın yaxın qohumu olması kifayət etmir. AR Miqrasiya Məcəlləsinin tələblərinə uyğun olaraq zəruri razılıq sənədləri də rəsmiləşdirilməlidir.

Boşanmış valideynlər üçün qaydalar dəyişirmi?

Pediatriya.az: Bəlkə də ən çox mübahisə doğuran məsələ budur. Valideynlər boşanıbsa, digər valideynin razılığı yenə də tələb olunurmu?

Aysel Rəsulova: Bu barədə çox yanlış təsəvvürlər mövcuddur.

Bir çox valideyn hesab edir ki, boşandıqdan sonra uşaq kimin yanında yaşayırsa, həmin şəxs uşağı istədiyi vaxt xaricə apara bilər.

Əslində isə boşanma faktı AR Miqrasiya Məcəlləsinin tələblərini avtomatik dəyişmir.

Əgər digər valideyn valideynlik hüququnu saxlayırsa və qanunda nəzərdə tutulmuş istisna hallar yoxdursa, ümumi qaydaya əsasən onun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur.

Praktik nümunə

Valideynlər altı il əvvəl boşanıblar.

9 yaşlı uşaq anası ilə yaşayır.

Ana uşağı İspaniyaya istirahətə aparmaq istəyir.

Atası razılıq vermir.

Bu vəziyyətdə yalnız boşanma faktına əsaslanaraq uşağın ölkədən çıxarılması mümkün deyil. Məsələyə qanunun tələbləri çərçivəsində yanaşılmalıdır.

Uşağın yaşayış yeri məhkəmə qərarı ilə ana və ya ata ilə müəyyən olunubsa, digər valideynin razılığı yenə də tələb olunurmu?

Pediatriya.az: Son illərdə bu məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Konstitusiya Məhkəməsi də bu barədə qərar qəbul edib. Bu qərarın mahiyyəti nədən ibarətdir?

Aysel Rəsulova: Bəli, bu, son illərin ən mühüm hüquqi məsələlərindən biridir.

Əvvəllər bir çox valideyn hesab edirdi ki, məhkəmə uşağın yaşayış yerini artıq ana və ya ata ilə müəyyən edibsə, həmin valideyn uşağı digər valideynin razılığı olmadan sərbəst şəkildə ölkədən çıxara bilər.

Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bu məsələyə hüquqi aydınlıq gətirib.

Plenum qeyd edib ki, uşağın yaşayış yerinin müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi uşağın ölkədən çıxmasına icazə verilməsi barədə qərar hesab edilə bilməz.

Başqa sözlə, bunlar hüquqi baxımdan iki müxtəlif məsələdir.

Birinci məsələ uşağın daimi yaşayış yerinin müəyyən edilməsidir.

İkinci məsələ isə uşağın ölkədən çıxmasına razılığın verilməsidir.

Bu səbəbdən yaşayış yerinə dair məhkəmə qərarı olsa belə, qanunda nəzərdə tutulmuş hallarda digər valideynin razılığı və ya həmin razılığı əvəz edən ayrıca məhkəmə qərarı tələb oluna bilər.

Praktik nümunə

Məhkəmə qərarı ilə 7 yaşlı uşağın yaşayış yeri ananın yanında müəyyən olunub.

Ana uşağı Fransaya yay tətilinə aparmaq istəyir.

Ata razılıq vermir.

Bu halda yaşayış yerinə dair əvvəlki məhkəmə qətnaməsi avtomatik olaraq uşağın ölkədən çıxmasına hüquqi əsas yaratmır. Lazım gəldikdə, bu məsələ ilə bağlı ayrıca məhkəmə qaydasında müraciət edilməlidir.

Digər valideyn notarial qaydada razılıq vermirsə, nə etmək lazımdır?

Pediatriya.az: Təcrübədə ən çox rast gəlinən hallardan biri də budur. Valideynlərdən biri uşağın xaricə getməsinə razılıq vermir. Belə vəziyyətdə digər valideyn nə etməlidir?

Aysel Rəsulova: İlk növbədə qeyd etmək lazımdır ki, digər valideynin razılıq verməməsi uşağın xaricə çıxmasının tamamilə mümkünsüz olduğu anlamına gəlmir.

AR Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsində açıq şəkildə göstərilir ki, valideynlərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.

Başqa sözlə, qanun belə halları əvvəlcədən nəzərə alıb və mübahisənin həlli üçün hüquqi mexanizm müəyyən edib.

Lakin burada vacib məqam odur ki, məhkəmə hər bir işi ayrıca qiymətləndirir. Təkcə valideynlərdən birinin “mən getmək istəyirəm” deməsi və ya digər valideynin “mən razı deyiləm” deməsi kifayət etmir. Məhkəmə bütün halları araşdıraraq qərar qəbul edir.

Praktik nümunə

Xanım qızını yay tətilində İtaliyaya aparmaq istəyir. Ata heç bir əsas göstərmədən notarial razılıq verməkdən imtina edir.

Bu halda ana məhkəməyə müraciət edərək uşağın digər valideynin razılığı olmadan ölkədən çıxmasına icazə verilməsini tələb edə bilər.

Məhkəməyə müraciət etməzdən əvvəl mediasiyaya getmək lazımdırmı?

Pediatriya.az: Belə işlər üzrə birbaşa məhkəməyə müraciət etmək mümkündürmü?

Aysel Rəsulova: Xeyr, ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə əvvəlcə ilkin mediasiya sessiyasında iştirak etmək tələb olunur.

Mediasiyanın məqsədi valideynlərin məhkəməyə getmədən qarşılıqlı razılığa gəlməsinə kömək etməkdir.

Mediasiya prosesinin nəticəsində tərəflər arasında razılıq əldə edilmədiyi halda, bu barədə arayış verilir və həmin arayış əsasında məhkəməyə müraciət edilə bilər.

Bu, həm vaxt itkisini azalda, həm də valideynlər arasında münasibətlərin daha da gərginləşməsinin qarşısını ala bilər.

Praktik nümunə

Ata razılıq verməkdən imtina edir.

Valideynlər mediasiya prosesində iştirak edirlər.

Mediasiya prosesində tərəflər arasında razılıq əldə olunmur.

Bundan sonra ana məhkəməyə müraciət edir.

Məhkəmə hansı meyarları nəzərə alır?

Pediatriya.az: Məhkəmə belə işlərə baxarkən ilk növbədə nəyə diqqət yetirir?

Aysel Rəsulova: Ən vacib meyar uşağın üstün mənafeyidir.

Məhkəmə hər bir işi fərdi qaydada qiymətləndirir və aşağıdakı məsələlərə diqqət yetirə bilər:

  • səfərin məqsədi;
  • səfərin müddəti;
  • gediləcək ölkə;
  • uşağın yaşı və sağlamlıq vəziyyəti;
  • səfərin təhsil, müalicə, istirahət və ya digər məqsəd daşıması;
  • uşağın geri qayıdacağına dair real təminatlar;
  • digər valideynin etirazının əsaslı olub-olmaması;
  • valideynlər arasında əvvəlki münasibətlər;
  • uşağın psixoloji və sosial maraqları.

Əgər səfər uşağın inkişafına, sağlamlığına və ya təhsilinə xidmət edirsə və uşağın ölkəyə qayıdacağına dair əsaslı şübhələr yoxdursa, bu hallar məhkəmə tərəfindən nəzərə alına bilər.

Digər valideyn sadəcə “razı deyiləm” deyə bilərmi?

Pediatriya.az: Bəzən valideynlər heç bir səbəb göstərmədən razılıq verməkdən imtina edirlər. Bu kifayət edirmi?

Aysel Rəsulova: Xeyr.

Məhkəmə üçün təkcə “mən razı deyiləm” ifadəsi kifayət etmir.

Etiraz hüquqi və ya faktiki əsaslarla əsaslandırılmalıdır.

Məsələn, etiraz edən valideyn uşağın geri qaytarılmayacağına dair əsaslı risklərin mövcud olduğunu, səfərin uşağın mənafeyinə uyğun olmadığını və ya digər mühüm halların olduğunu sübut etməyə çalışa bilər.

Əgər etiraz yalnız şəxsi inciklikdən, valideynlər arasındakı münaqişədən və ya digər subyektiv səbəblərdən irəli gəlirsə, məhkəmə bu halları da qiymətləndirəcək.

Valideynlər arasındakı şəxsi münasibətlər uşağın hüquq və mənafelərindən üstün tutula bilməz.

Məhkəmə hansı hallarda uşağın ölkədən çıxmasına icazə verə bilər?

Pediatriya.az: Praktikada hansı hallarda məhkəmə valideynin tələbi ilə razılaşa bilər?

Aysel Rəsulova: Hər bir iş fərdi qaydada qiymətləndirilsə də, məhkəmə aşağıdakı halları nəzərə ala bilər:

  • uşağın müalicə məqsədilə xaricə aparılması;
  • beynəlxalq yarışlarda, olimpiadalarda və ya digər tədbirlərdə iştirakı;
  • təhsil proqramlarında iştirakı;
  • ailəvi istirahət məqsədilə səfər;
  • yaxın qohumların ziyarəti;
  • digər valideynin etirazının hüquqi və ya faktiki əsaslarla əsaslandırılmaması.

Əlbəttə, bu hallar avtomatik olaraq iddianın təmin ediləcəyi anlamına gəlmir. Məhkəmə iş üzrə təqdim edilmiş bütün sübutları və halları məcmu şəkildə qiymətləndirərək qərar qəbul edir.

Praktik nümunə

Məsələn, 11 yaşlı uşaq Avropada keçiriləcək şahmat çempionatında iştirak etmək üçün rəsmi dəvət alıb.

Digər valideyn isə heç bir əsaslı səbəb göstərmədən səfərə razılıq vermir.

Belə halda məhkəmə işə baxarkən yarışa dair rəsmi dəvət məktubunu, yarışın keçiriləcəyi tarixləri, geri dönüş biletini, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər sübutları qiymətləndirə bilər.

Məhkəmə hansı hallarda icazə verməyə bilər?

Pediatriya.az: Əksinə, hansı hallarda məhkəmə valideynin tələbini təmin etməyə bilər?

Aysel Rəsulova: Məhkəmə, məsələn, aşağıdakı hallarda iddianı təmin etməyə bilər:

  • uşağın geri qaytarılmayacağına dair ciddi risk müəyyən edildikdə;
  • səfərin məqsədi aydın olmadıqda;
  • təqdim edilən məlumatlar ziddiyyətli və ya etibarsız olduqda;
  • səfərin uşağın hüquq və mənafelərinə zidd olduğu müəyyən edildikdə;
  • digər valideynin etirazı hüquqi və ya faktiki əsaslarla əsaslandırılmış hesab edildikdə.

Bu zaman da məhkəmə üçün əsas meyar uşağın mənafeyidir.

Digər valideyn xaricdə yaşayırsa nə etmək lazımdır?

Pediatriya.az: Digər valideyn uzun müddətdir xaricdə yaşayırsa və ya Azərbaycanda deyilsə, bu qaydalar dəyişirmi?

Aysel Rəsulova: Xeyr.

Valideynin başqa ölkədə yaşaması onun valideynlik hüquqlarını avtomatik olaraq aradan qaldırmır.

Əgər qanunda göstərilən istisna hallar yoxdursa, ümumi qaydalar tətbiq edilir.

Lazım gəldikdə notarial razılıq xarici ölkədə də müvafiq qaydada rəsmiləşdirilə bilər.

Digər valideynlə əlaqə saxlamaq mümkün deyilsə nə etmək lazımdır?

Pediatriya.az: Bəzən valideyn uzun illərdir əlaqə saxlamır. Belə hallarda nə etmək lazımdır?

Aysel Rəsulova: Hər bir vəziyyət ayrıca və konkret hallar nəzərə alınmaqla qiymətləndirilir.

Sadəcə telefon zənglərinə cavab verməmək və ya uzun müddət əlaqənin olmaması avtomatik olaraq digər valideynin razılığını aradan qaldırmır.

Əgər valideynin olduğu yer məlum deyilsə və qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcuddursa, məhkəmə qaydasında məsələnin həlli və ya digər hüquqi prosedurların tətbiqi imkanları nəzərdən keçirilə bilər.

Bu səbəbdən hər bir konkret hal üzrə hüquqi qiymətləndirmə aparılması və peşəkar hüquqi məsləhət alınması məqsədəuyğundur.

Valideynlərdən biri vəfat edibsə, digər valideyn yenə də razılıq almalıdırmı?

Pediatriya.az: Bu halda hansı qaydalar tətbiq olunur?

Aysel Rəsulova: Xeyr.

AR Miqrasiya Məcəlləsinin 11.3-cü maddəsinə əsasən, valideynlərdən biri vəfat etdikdə digər valideynin əlavə razılıq almasına ehtiyac yoxdur.

Lakin ölüm faktını təsdiq edən rəsmi sənəd – ölüm haqqında şəhadətnamə təqdim edilməlidir.

Valideynlik hüququndan məhrum edilmiş valideynin razılığı tələb olunurmu?

Pediatriya.az: Bu barədə də tez-tez suallar verilir.

Aysel Rəsulova: Əgər valideyn məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə valideynlik hüququndan məhrum edilibsə, onun razılığı tələb olunmur.

Lakin bu hal məhkəmənin müvafiq qərarı ilə təsdiq edilməlidir.

Sadəcə uşağa maraq göstərməmək və ya aliment ödəməmək valideynlik hüququnun itirilməsi demək deyil.

Bu məsələnin hüquqi nəticə doğurması üçün mütləq məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmalıdır.

Notarial qaydada təsdiq edilmiş razılıq hansı müddətə verilə bilər?

Pediatriya.az: Valideynlərdən biri razılıq verərkən həmin sənəd yalnız bir səfər üçün tərtib olunur, yoxsa müəyyən müddət üçün də verilə bilər?

Aysel Rəsulova: Qanun notarial razılığın konkret neçə gün və ya neçə ay müddətinə verilməsini məhdudlaşdırmır. Praktikada razılıq sənədində səfərin tarixi, gediləcək ölkə və ya ölkələr, yaxud razılığın qüvvədə olacağı müddət göstərilə bilər.

Lakin valideynlərə tövsiyə olunur ki, notarial razılıq hazırlanarkən onun məzmunu planlaşdırılan səfərə uyğun və mümkün qədər dəqiq tərtib edilsin.

Notarial razılıqda hansı məlumatlar göstərilməlidir?

Pediatriya.az: Razılıq sənədi tərtib edilərkən nələrə diqqət yetirilməlidir?

Aysel Rəsulova: Sənəd notarius tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanır. Adətən aşağıdakı məlumatlar göstərilir:

  • uşağın soyadı, adı, atasının adı;
  • doğum tarixi;
  • uşağı müşayiət edən şəxsin məlumatları;
  • razılıq verən valideynin məlumatları;
  • gediləcək ölkə və ya ölkələr;
  • səfərin müddəti və ya razılığın qüvvədə olacağı dövr.

Əgər səfər müəyyən məqsəd daşıyırsa (müalicə, təhsil, yarış və s.), bunun da qeyd edilməsi məqsədəuyğun hesab olunur.

Məktəb, idman komandası və ya yay düşərgəsi ilə xaricə gedən uşaqlar üçün hansı qaydalar tətbiq olunur?

Pediatriya.az: Yay aylarında uşaqlar tez-tez məktəb, idman klubu və ya digər təşkilatlarla birlikdə xaricə gedirlər. Bu zaman hansı hüquqi tələblər nəzərə alınmalıdır?

Aysel Rəsulova: Miqrasiya Məcəlləsinin 11.6-cı maddəsinə əsasən, yetkinlik yaşına çatmayan vətəndaşlar valideynlərinin müşayiəti olmadan qrup halında ölkədən getdikdə, qanuni nümayəndənin vəzifələrini həmin qrupun rəhbəri yerinə yetirir.

Bu isə valideynlərin razılığına ehtiyac olmadığı anlamına gəlmir.

Əksinə, belə səfərlərdə tələb olunan razılıq sənədlərinin əvvəlcədən hazırlanması xüsusilə vacibdir.

Praktik nümunə

13 yaşlı yeniyetmə futbol komandası ilə beynəlxalq turnirdə iştirak etmək üçün Türkiyəyə gedir.

Komandanın məşqçisi uşaqları müşayiət edir.

Bu halda həm təşkilatçı qurumun sənədləri, həm də qanunvericilikdə nəzərdə tutulmuş razılıq sənədləri əvvəlcədən hazırlanmalıdır.

Mif, yoxsa həqiqət?

“Boşanmışamsa, uşağı sərbəst şəkildə xaricə apara bilərəm.”

Yanlışdır.

Boşanma faktı digər valideynin hüquqlarını avtomatik olaraq aradan qaldırmır.

“Uşağın yaşayış yeri mənimlə müəyyən olunubsa, artıq digər valideynin razılığına ehtiyac yoxdur.”

Yanlışdır.

Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən, yaşayış yerinin müəyyən olunması haqqında məhkəmə qərarı uşağın ölkədən çıxmasına ayrıca icazə hesab edilmir.

“Digər valideyn razılıq vermirsə, artıq uşağı xaricə aparmaq mümkün deyil.”

Yanlışdır.

Belə hallarda məsələ məhkəmə qaydasında həll edilə bilər.

“Digər valideyn sadəcə ‘istəmirəm’ deməklə uşağın xaricə getməsinin qarşısını ala bilər.”

Hər zaman yox.

Məhkəmə etirazın əsaslı olub-olmadığını qiymətləndirir və qərarı uşağın üstün mənafeyini nəzərə alaraq qəbul edir.

“Valideyn xaricdə yaşayırsa, onun razılığı artıq lazım deyil.”

Yanlışdır.

Başqa ölkədə yaşamaq valideynlik hüquqlarını avtomatik olaraq aradan qaldırmır.

Valideynlərin ən çox yol verdiyi hüquqi səhvlər

Pediatriya.az: Təcrübənizə əsasən valideynlər daha çox hansı səhvlərə yol verirlər?

Aysel Rəsulova: Ən çox rast gəlinən səhvlər bunlardır:

  • boşanmanın notarial razılığı əvəz etdiyini düşünmək;
  • uşağın yaşayış yerinə dair məhkəmə qərarını kifayət hesab etmək;
  • səfər tarixinə bir neçə gün qalmış sənədləşməyə başlamaq;
  • digər valideynlə razılığa gəlməyə çalışmadan dərhal bilet almaq;
  • səfərin məqsədini təsdiq edən sənədləri toplamamaq;
  • məhkəməyə müraciət edilməli olan halları düzgün qiymətləndirməmək.

Bu səhvlər həm vaxt itkisinə, həm də planlaşdırılmış səfərin baş tutmamasına səbəb ola bilər.

Məhkəməyə müraciət edilərkən iddia ərizəsində nələr göstərilməlidir?

Pediatriya.az: Məhkəməyə müraciət etmək lazım gəldikdə iddia ərizəsində əsasən hansı məlumatlar göstərilir?

Aysel Rəsulova: İddia ərizəsində, bir qayda olaraq:

  • iddiaçı və cavabdeh haqqında məlumatlar;
  • uşağın məlumatları;
  • səfərin məqsədi;
  • gediləcək ölkə;
  • səfərin müddəti;
  • digər valideynin razılıq verməməsi;
  • bunun uşağın maraqlarına necə təsir etdiyi;
  • hüquqi əsaslandırma;
  • məhkəmədən xahiş edilən tələb

öz əksini tapmalıdır.

Əlbəttə, hər bir işin xüsusiyyətləri fərqli olduğundan iddia ərizəsi konkret vəziyyət nəzərə alınmaqla hazırlanmalıdır.

Valideynlər səyahəti planlaşdırarkən nələrə diqqət yetirməlidirlər?

Pediatriya.az: Sonda valideynlərə hansı tövsiyələri vermək istərdiniz?

Aysel Rəsulova: İlk növbədə hüquqi məsələləri son günə saxlamamağı tövsiyə edərdim.

Əgər digər valideynin razılığı tələb olunursa, bunu səfərə bir neçə gün qalmış deyil, əvvəlcədən həll etmək daha məqsədəuyğundur.

Razılıq əldə olunmadıqda isə məhkəmə prosedurunun müəyyən vaxt aparacağını nəzərə almaq lazımdır.

Həmçinin valideynlər unutmamalıdırlar ki, bu cür mübahisələrdə əsas məqsəd valideynlərdən hansının haqlı olduğunu müəyyən etmək deyil, uşağın hüquq və mənafelərinin qorunmasını təmin etməkdir.

Valideynlər arasında yaranmış şəxsi münaqişələr uşağın qanuni hüquqlarına və onun inkişafına mənfi təsir göstərməməlidir.

Valideynlər üçün qısa yaddaş

Səfəri planlaşdırarkən aşağıdakı məqamları əvvəlcədən yoxlamağınız tövsiyə olunur:

  • Uşağın pasportunun etibarlılıq müddətini yoxlayın.
  • Digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığının tələb olunub-olunmadığını dəqiqləşdirin.
  • Razılıq sənədinin səfər tarixlərini və ya qüvvədə olacağı müddəti əhatə etdiyinə əmin olun.
  • Səfər müalicə, təhsil və ya yarış məqsədi daşıyırsa, bunu təsdiq edən sənədləri əvvəlcədən hazırlayın.
  • Digər valideyn razılıq vermirsə, məsələni son günə saxlamayın və vaxtında hüquqi məsləhət alın.
  • Məhkəməyə müraciət tələb olunan hallarda prosedurun müəyyən müddət aparacağını nəzərə alın.
  • Xarici ölkənin viza və giriş tələblərini əvvəlcədən araşdırın. Bəzi dövlətlər Azərbaycan qanunvericiliyindən əlavə sənədlər də tələb edə bilərlər.

Nəticə

Azyaşlı uşaqların ölkədən çıxarılması ilə bağlı hüquqi münasibətlər ilk baxışda sadə görünsə də, əslində həm valideynlərin hüquqlarının, həm də uşağın mənafeyinin qorunmasına yönəlmiş mühüm hüquqi normalarla tənzimlənir.

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi bu sahədə əsas hüquqi çərçivəni müəyyən edir. Bununla yanaşı, yaranan mübahisələrə baxılarkən Ailə Məcəlləsinin müddəaları, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və formalaşmış məhkəmə təcrübəsi də nəzərə alınır.

Valideynlər nəzərə almalıdırlar ki, belə hallarda əsas məqsəd bir valideynin digərindən üstün tutulması deyil. Qanunvericiliyin və məhkəmə təcrübəsinin əsas yanaşması uşağın hüquqlarının, təhlükəsizliyinin və mənafeyinin təmin edilməsidir.

Hüquqi çətinliklərlə qarşılaşdıqda vaxtında peşəkar hüquqi məsləhət almaq və zəruri prosedurları əvvəlcədən planlaşdırmaq həm valideynlərin, həm də uşağın hüquq və mənafelərinin daha səmərəli şəkildə qorunmasına imkan yaradır.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin