Ürək çatışmazlığı və aritmiyası olan xəstələrinin yeni müalicə ümidi

Türkiyəli alimlərin yeni elmi nailiyyəti göstərib ki, şəkər xəstəliyinin müalicəsində istifadə edilən bir qrup dərman ürək xəstələrində də qoruyucu rolunu oynaya bilər.

Azmedinfo.az-ın verdiyi xəbərə görə, Ankara Bilkənd Şəhər Xəstəxanasının kardioloq və kardiocərrahlarından ibarət tədqiqat qrupu ürək çatışmazlığı və qulaqcıqların fibrilyasiyasından əziyyət çəkən pasiyentlər üçün yeni müalicə üsullarını araşdırıb. Məlum olub ki, şəkərli diabetin müalicəsində istifadə edilən SGLT2 inhibitorları adıçəkilən xəstəliklərdən əziyyət çəkən şəxslər arasında ölüm sayını, xəstəxanaya yerləşdirmə və aritmiyanın təkrarlanma riskini azalda bilir.

Tədqiqat qrupunun rəhbəri professor Fırat Özcanın sözlərinə görə, araşdırmalara 250 xəstə cəlb olunub. Nəticələr göstərib ki, ürək çatışmazlığı və ya aritmiyası olan pasiyentlərdə şəkərli diabet olsa da, olmasa da, onlar SGLT2 inhibitorlarından yararlana bilərlər.

Bu dərmanın əlavə faydalarından söz açan tədqiqat rəhbəri “inanırıq ki, araşdırma nəticələri ürək çatışmazlığı olan xəstələrdə qlobal ictimai sağlamlıq baxımından böyük üstünlüklər təmin edəcək” – deyə diqqətə çatdırıb.