İTSDA: Karpal Tunel Sindromunun müayinə və müalicəsi icbari tibbi sığorta təminatına daxildir
Bakı, 11 avqust, AZƏRTAC
Karpal Tunel Sindromu (KTS) orta (median) sinirin karpal kanal (bilək kanalı) daxilində sıxılması nəticəsində yaranan nevroloji pozuntudur. Karpal tunel əlin ovuc hissəsində yerləşən, sümüklər və bağlarla əhatə olunmuş dar bir anatomik boşluqdur. Bu sindrom gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərən, müalicə olunmadıqda oynaqda kontrakturaya (hərəkət məhdudiyyəti) səbəb olan xəstəlikdir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, diaqnoz pasiyentin şikayətləri və klinik qiymətləndirmə əsasında aparılır. İcbari tibbi sığorta hesabına elektromioqrafiya (EMQ) – əzələlərin bioelektrik fəaliyyətinin qiymətləndirilməsi, elektroneyroqrafiya (ENG) – sinirdə elektrik fəaliyyətinin qiymətləndirilməsi (impulsun yayılma sürəti və ya fəaliyyət potensialının ölçülməsi), ultrasəs müayinə (USM) – median sinirin vizualizasiyasının təmin edilməsi, kompüter tomoqrafiya (KT) və maqnit rezonans tomoqrafiya (MRT) kimi diaqnostik üsullardan istifadə olunur.
Müalicə taktikasının əsası karpal tunelin daralması səbəblərinin aradan qaldırılmasından ibarətdir. Bu məqsədlə həm konservativ terapiya, həm də cərrahi müdaxilə istifadə olunur. Konservativ müalicəyə çıxıqların salınması, əlin immobilizasiyası, endokrin və metabolik pozğunluqların korreksiyası, iltihabın və ödemlərin aradan qaldırılması daxildir. Xəstəliyin ilkin mərhələsində müalicəyə başlamaq şərti ilə halların yarısında konservativ terapiya yaxşı nəticələr verir. Konservativ tədbirlər effektsiz olduqda, yaxud xəstə həkimə gec müraciət etdikdə karpal tunel sindromu cərrahi müalicə tələb edir. Açıq və ya endoskopik əməliyyatlarla bilək kanalının həcminin artırılması və median sinirin sıxılmasının aradan qaldırılması təmin edilir.
KTS-nin müayinə və müalicəsi icbari tibbi sığorta təminatına daxildir. Pasiyentlər diaqnostik prosedurlardan tutmuş fizioterapiya və zəruri hallarda cərrahi müdaxilə daxil tibbi xidmətlərdən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında yararlana bilərlər.
KTS özünü baş barmaq və digər barmaqlarda (xüsusilə şəhadət, orta və adsız barmaqda) keyimə, qaşınma, iynəbatırma hissi, əldə zəiflik, kiçik əşyaları saxlamaqda çətinlik kimi simptomlarla göstərir. Simptomlar xüsusilə gecələr və əl eyni vəziyyətdə uzun müddət saxlandıqda (məsələn, avtomobil idarə edərkən, telefonla danışarkən) daha da güclənir. Bəzi hallarda hissiyyat qola və çiyinə qədər yayıla bilər. Pasiyentlər bu vəziyyəti “sanki elektrik vurması” və ya əllərini “silkələmək ehtiyacı” ilə təsvir edirlər.
KTS karpal kanal daraldıqda inkişaf edir. Bu sindrom daha çox əsas gücün mil-bilək oynağına düşdüyü ağır fiziki iş zamanı, əlin uzun müddət bir vəziyyətdə saxlanılması, kompüterdə uzunmüddətli iş, əllərin tez-tez vibrasiyaya məruz qalması səbəblərdən baş verir.
Birbaşa səbəblərlə yanaşı, hamiləlik, menopauza, piylənmə, tiroid disfunksiyaları, böyrək çatışmazlığı, limfostaz, şəkərli diabet, revmatoid artrit və podaqra kimi amillər də KTS riskini artırır. KTS qadınlarda daha çox rast gəlinir. Bu, karpal tunelin qadınlarda daha dar olması və hormonal təsirlərlə izah olunur.