Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri ilə görüş
Bakı, 12 iyun, AZƏRTAC
İyunun 12-də Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisinin Milli Vərəm Proqramının qiymətləndirməsi üzrə nümayəndə heyəti ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, ölkəmizdə vərəm ilə mübarizədə əldə olunan nailiyyətlərdən söz açan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycan səhiyyəsində aparılan islahatlardan danışaraq səhiyyənin aktual məsələlərinə Milli Məclisdə həssaslıqla yanaşdığını diqqətə çatdırıb. O, bu sahədə parlamentdə dinləmələrin daim keçirildiyini, müzakirələrin aparıldığını, qanunvericiliyin təkmilləşdirildiyini qeyd edib.
Səhiyyə komitəsinin üzvləri Soltan Məmmədov, Sədaqət Vəliyeva və Məlahət İbrahimqızı Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə uğurlu əməkdaşlığından söz açıblar, bu səmərəli əməkdaşlığa görə qonaqlara təşəkkür ediblər. Deputatlar bildiriblər ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vərəmlə mübarizədə hər zaman öz dəstəyini nümayiş etdirib.
Sonra görüşdə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisinin Milli Vərəm Proqramının qiymətləndirməsi üzrə nümayəndə heyətinin üzvləri Sayohat Hasanova, Cəvahir Süleymanova, Andrei Mosneaga, Cristina Celan, Askar Yedilbayev, Oqtay Gözəlov, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova və ATU-nun Ağciyər xəstəlikləri kafedrasının müdiri Rafiq Bayramov Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərinə ölkəmizdə ciddi əməl olunmasını, səhiyyə sistemində aparılan islahatları, icbari tibbi sığortanın fəaliyyətini yüksək qiymətləndiriblər. Onlar bu sahədə vərəmin diaqnostikası, müalicəsi və profilaktika tədbirləri ilə bağlı fikirlərini bölüşüblər.
Görüşdə səhiyyənin bəzi aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.