Tibb Universitetinin rezidentləri Bilgəhdəki sosial xidmət müəssisəsinin sakinlərini müayinə ediblər
Bakı, 4 fevral, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) rezidentləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionatında tibbi aksiya keçiriblər.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, universitetin rezidentura və magistratura şöbəsinin təşəbbüsü ilə həyata keçirilən aksiya çərçivəsində sosial xidmət müəssisəsinin sakinləri müayinə ediliblər.
Aksiyada oftalmoloq, LOR, pulmonoloq, terapevt, qastroenteroloq, revmotoloq, USM həkimi, kardioloq, endokrinoloq və hematoloq ixtisaslı rezidentlər və həkimlər iştirak ediblər. Müayinə olunan pansionat sakinləri lazımi dərmanlarla da təmin olunublar.