Tibb Universitetində “İlin ən yaxşı tələbə elmi tədqiqatçısı” adı uğrunda beynəlxalq müsabiqə keçirilib
Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 16-da Azərbaycan Tibb Universitetinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “İlin ən yaxşı tələbə elmi tədqiqatçısı” adı uğrunda beynəlxalq müsabiqə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən universitetin tədris və müalicə işləri üzrə prorektoru Sabir Əliyev belə müsabiqələrin ənənəvi xarakter aldığını bildirib. Prorektor elmi iş aparmağın tədris prosesində rolundan danışıb və müsabiqədə iştirak edən tələbələr arasında gələcəyin alimlərinin yetişəcəyinə inandığını bildirib. O, bugünkü müsabiqədə Özbəkistan və Rusiyanın müxtəlif universitetlərindən gəlmiş gənc alim, həkim və tələbənin iştirak etdiyini diqqətə çatdırıb: “Müasir dövrdə elmi əməkdaşlığın formaları və metodları müxtəlifdir. Zənnimcə, belə konfranslar dünyanın bir çox universitetləri ilə birgə davamlı şəkildə təşkil olunmalı və bu sahədə bir sıra təbliğat xarakterli işlər görülməlidir. Ayrı-ayrı ölkələrdən olan tibb mütəxəssislərinin və tələbələrin bugünkü müsabiqədə iştirakı Tibb Universitetinin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir”.
S.Əliyev ölkəmizdə elmə, gənclərin yüksəkkeyfiyyətli təhsil almasına və onların elmi işlərə cəlb olunmasına xüsusi diqqət yetirildiyini vurğulayıb.
Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, professor Amaliya Əyyubova münsiflər heyətini təqdim edib və müsabiqə iştirakçılarına uğurlar arzulayıb.
Tədbir gənc elmi- tədqiqatçıların məruzələri ilə davam etdirilib.
Müsabiqənin gedişatında münsiflər heyətinin üzvləri çıxış edərək yüksək səviyyədə keçən beynəlxalq tədbirin uğurlarından söhbət açıb və elmi-tədqiqatçı tələbələrə böyük ümid bəslədiklərini dilə gətiriblər.
Tələbə Elmi Cəmiyyətinin sədri, dosent Müşfiq Həsənov müsabiqənin gedişatını diqqətdə saxladığına görə ilk növbədə, universitetin rektoru, professor Gəray Gəraybəyliyə təşəkkürünü bildirib. Plenar iclaslarda tibbin bütün sahələrini əhatə edən çox maraqlı məruzələrin dinlənildiyini söyləyən M.Həsənov tədqiqatçı tələbələri, onların elmi rəhbərlərini təbrik edərək bütün müsabiqə iştirakçılarına, eləcə də qonaqlara bu mötəbər tədbirə qatıldıqları üçün bir daha hörmət və ehtiramını çatdırıb.
Sonda qaliblər diplom və sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, beynəlxalq müsabiqənin gündəliyində, ümumilikdə, 16 elmi iş məruzə edilib, 12 elmi işin isə poster nümayişi olub.