Tibb Universitetində icbari sığorta sisteminin tətbiqi ilə bağlı müzakirə aparılıb

Avropa İttifaqı “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvinninq layihəsini icra edir. Bu geniş proqramın reallaşdırılması çərçivəsində layihənin təmsilçiləri Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olublar.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli qonaqlara rəhbərlik etdiyi universitetdəki tədris-təhsil sistemi və burada fəaliyyət göstərən klinikaların fəaliyyəti haqqında məlumat verib. G.Gəraybəyli Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin mühüm məsələ olduğunu, bu məqsədlə dövlət tərəfindən əhəmiyyətli addımların atıldığını vurğuladı.

Rektor bildirdi ki, ATU-nun klinikalarında bəzi qurumlardan göndərilən sığortalı xəstələrə xidmət göstərilir. Lakin bu imkandan bütün əhalinin istifadəsi insanların sağlamlığının müdafiəsində ciddi rol oynayır. G.Gəraybəyli Avropa İttifaqının dəstəklədiyi bu layihənin ölkəmizdə icbari tibbi sığortanın tətbiqində və islahatların aparılmasında böyük rol oynayacağından əminliyini vurğulayıb.

Bundan əlavə, professor son dövrlər universitetin tədris sistemində aparılan islahatlar, tibb sahəsində peşəkar kadrların yetişdirilməsi istiqamətində görülən tədbirlər haqqında da nümayəndə heyətinə məlumat verib.

Avropa İttifaqının “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvinninq layihəsinin rezident tvinninq müşaviri Qediminas Çerniauskas isə layihənin məqsədləri haqqında ətraflı məlumat verib. O, iki il ərzində Avropa ölkələrinin müvafiq istiqamət üzrə böyük təcrübəyə malik mütəxəssis və ekspertləri Avropanın qabaqcıl təcrübəsinə əsaslanaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə dəstək verəcəyini bildirib. Q.Çerniauskas qeyd edib ki, layihə çərçivəsində agentliyin institusional imkanlarının artırılmasına, hüquqi bazanın möhkəmləndirilməsinə, icbari tibbi sığortanın maliyyə alətlərinin formalaşdırılmasına, tibbi xidmətlərin satınalınmasına, baza zərfinin strukturuna və əhatə dairəsinə, tariflərin hesablanmasına, habelə informasiya texnologiyaları sisteminin düzgün qurulmasına dair ixtisaslaşmış ekspert məsləhət və rəylərinin verilməsi planlaşdırılır.

Qeyd edək ki, Avropa İttifaqının dəstəklədiyin tvinninq layihəsinin məqsədi Avropa Qonşuluq Siyasəti çərçivəsində icbari tibbi sığorta sahəsi üzrə ölkə qanunvericiliyinin təkmilləşdirilməsi və Aİ-nin bu sahədə mövcud qanunvericilik sistemi ilə uyğunlaşdırılmasından ibarətdir.

 

AZƏRTAC