Tibb Universitetində “Ginekologiyada yeniliklər” mövzusunda simpozium keçirilib

İyunun 29-da Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasında Azərbaycan Tibb Assosiasiyasının (ATA) Ginekologiya Dərnəyi “Ginekologiyada yeniliklər” adlı birinci simpozium keçirib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin açılışında çıxış edən Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev simpoziumun müasir tibdəki yeniliklər barədə fikir mübadiləsinin aparılması baxımından zəruri olduğunu deyib.

Simpoziumda hamiləliyə əngəl olan xəstəliklərlə bağlı müzakirələr aparılıb. Klinikanın aparıcı mütəxəssisləri – professor İslam Mahalov və II mama ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov endometriozis və uşaqlığın miomaları haqqında məlumat veriblər. Qeyd olunub ki, hamilə qala bilməyən qadınların 30-40 faizində məhz həmin xəstəliklər aşkar olunur.

Bundan başqa, patologiyaların erkən diaqnostikası, müasir müalicə üsulları və sonrakı dövrdə profilaktik tədbirlər müzakirə edilib. Klinikada hər ay elmi və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulur.

 

AZƏRTAC