Bakıda ağız və üz-çənə cərrahiyyəsi üzrə beynəlxalq elmi konfrans işə başlayıb

İyunun 30-da Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ağız və üz-çənə cərrahiyyəsi üzrə beynəlxalq elmi konfrans işə başlayıb. Konfransda dünyanın bir neçə ölkəsindəki Ağız və Üz-çənə Cərrahları cəmiyyətlərinin prezidentləri, Avropa Ağız və Üz-çənə Cərrahları Cəmiyyətinin nümayəndələri və tanınmış mütəxəssislər iştirak edirlər. Dünyanın müxtəlif ölkələrindən gələn mütəxəssislər və alimlərin bir qrupu ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, görüş zamanı rektor dünyada tibb elmində öz sözünü demiş alimlərin ali təhsil ocağının qonağı olmasından məmnunluq duyduğunu bildirib. O, ATU-nun mütəmadi olaraq beynəlxalq toplantılara, tibbi simpoziumlara ev sahibliyi etdiyini, bu tədbirlərdə müxtəlif aktual mövzular üzrə fikir mübadiləsi apardıqlarını diqqətə çatdırıb. Rektor ağız və üz-çənə cərrahiyyəsi üzrə beynəlxalq elmi konfransın da uğurla keçəcəyindən əminliyini ifadə edib.

Sonra ATU-nun ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimov iki gün davam edən konfransın proqramı haqqında məlumat verib. Bildirilib ki, tədbirdə Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyətinin təqdimatı da keçiriləcək. Bu qurum Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin verdiyi şəhadətnaməyə əsasən ötən il sentyabrın 29-dan etibarən ictimai birlik qismində rəsmi fəaliyyət göstərir. Respublikanın bu sahədə çalışan ən qabaqcıl mütəxəssislərini birləşdirən cəmiyyət ilk olaraq üzərinə götürdüyü vəzifələri, fəaliyyət planını, əməkdaşlıq imkanlarını və bu sahənin inkişaf perspektivlərinə baxışlarını dünya mütəxəssisləri ilə birlikdə müzakirə etmək niyyətindədir.

Ç.Rəhimov, həmçinin konfransın yekununda bu sahədə fəaliyyət göstərən müxtəlif qurumlarla Azərbaycanın Ağız və Üz-çənə Cərrahları Cəmiyyəti arasında gələcək əməkdaşlıq haqqında memorandumun imzalanmasının nəzərdə tutulduğunu söyləyib.

Qeyd edək ki, konfransın birinci günündə elmi forumda bu sahədə ən yeni texnologiyaların tətbiqinə dair müzakirə və təcrübə mübadiləsi aparılacaq. Konfransda dünya şöhrətli məşhur cərrahlar – İbrahim Yıldırım (Türkiyə), Edqar Bimer (Almaniya), Aleksandr Nerobeyev (Rusiya), SM Balaşi (Hindistan), Pietro Bormioli (İtaliya) və digər iştirakçıların məruzələri dinləniləcək.