Tibb Universiteti ilə Antalya Bilim Universiteti arasında əməkdaşlıq planları müzakirə olunub
Bakı, 20 sentyabr, AZƏRTAC
Antalya Bilim Universitetinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) qonaq olub.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, türkiyəli mütəxəssislərə universitetin tarixi, müasir dövrdəki fəaliyyəti və beynəlxalq əlaqələri barəsində məlumat verib.
Türkiyənin elm və təhsil qurumları ilə geniş əlaqələrdən bəhs edən Orxan İsayev bildirib ki, Antalya Bilim Universiteti ilə də əməkdaşlıq əlaqələrinin qurulması istiqamətdə konkret addımlar atmaq üçün bütün lazımi imkanlar mövcuddur. Qonaqlara, həmçinin universitetin strukturu, fakültələri, tədris proqramları və ATU-nun nəzdində fəaliyyət göstərən klinikaların işi haqqında bəhs edilib.
Tibb Universitetinin elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov elmi istiqamətdə görülən işlər haqqında geniş məlumat verib. ATU-nun “Scimago” beynəlxalq reytinq siyahısına daxil olduğunu bildirən prorektor, yüksək impakt faktorlu jurnallarda çap olunan məqalə sayında artım olduğunu qeyd edib.
Antalya Bilim Universitetinin prorektoru, professor Hamza Kandur təmsil etdiyi ali təhsil ocağı haqqında danışıb. Qeyd edib ki, dünyanın 74 ölkəsindən tələbələri olan Antalya Bilim Universitetində 20-yə yaxın ölkənin professorları və mütəxəssisləri dərs deyir. Antalya Bilim Universitetinin nəzdində 7 fakültə ilə yanaşı, həm də peşə məktəbləri və institutlar fəaliyyət göstərir. Dünyanın dörd yanından gələn tələbələr xüsusi kampusda yaşamaq imkanı qazanırlar. Universitet dünyanın bir çox məşhur ali təhsil qurumları ilə əməkdaşlıq edir.
Görüşdə ATU ilə Antalya Bilim universiteti arasında əməkdaşlıq planları, bu qurumun Bakıda yaradacağı laboratoriyada Tibb Universitetinin tələblərinin praktika keçə bilməsi və digər məsələlər müzakirə olunub.