Testdən üç saat əvvəl su içmək, qida qəbul etmək, siqaret çəkmək və burun boşluğuna heç bir sprey istifadə etmək olmaz
Bakı, 26 noyabr, AZƏRTAC
Yeni növ koronavirusla (COVID-19) əlaqədar verilən testlərinin nəticələrinin bəzən əvvəlcə pozitiv, sonradan neqativ çıxması cəmiyyətdə çaşqınlıq yaradır. Xəstəliyin kliniki gedişi, əlamətləri və kompüter tomoqrafiyası görüntülərinin COVID-19-a uyğun gəldiyi halda test cavabının neqativ çıxması cəmiyyətdə birmənalı qarşılanmır.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının həkim-pediatrı Təranə Göyüşövanın dediyinə görə, həmin testlər kütləvi müayinə üçün nəzərdə tutulub və 70 faiz halda düzgün nəticə verir. İki gün sonra əlamətlər davam etsə və şübhə doğursa, yenidən test vermək olar.
Həkim-pediatr daha sonra deyib: “Lakin bəzi qaydalar var ki, düzgün nəticə əldə etmək üçün koronavirus testi verməmişdən əvvəl onlara əməl etmək vacibdir. Testdən üç saat əvvəl su içmək, qida qəbul etmək, siqaret çəkmək və burun boşluğuna heç bir sprey istifadə etmək olmaz. Burun keçidlərində kifayət qədər dərindən nümunə götürülməyibsə və yaxud xəstə burnunu silmiş və ya yumuşsa, o zaman testin cavabı səhv ola bilər. Həmçinin boğazdan yaxma götürülməzdən əvvəl xəstə ağzını antiseptik məhlulla yaxalamamalı, dişlərini fırçalayanda, ağız boşluğunu yaxalayanda su çox dərinə getməməli və qida qəbul edilməməlidir. Bununla yanaşı laboratoriya qaydaları da var”.
Mütəxəssislər qeyd edirlər ki, səhv nəticə bəzən virusa yoluxmanın ilk günlərində bədəndə ağırlaşma olmaması ilə əlaqədardır, çünki bir çox testlər virusun aşkar edilməsində aşağı həssaslıq göstərirlər və patogeni tapmaq çətin olur. Lakin testdəki yanlışlıq ucbatından müalicə aldıqda belə narahat olmağa dəyməz, çünki aparılan müalicələr onsuz da virus əleyhinə yönəlib və immun sisteminin möhkəmləndirilməsi məqsədi daşıyır.