TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir"

Son beş ildə sosial səhiyyə sahəsində əldə edilən ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir.

“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov “Baku TV”yə müsahibəsində deyib.

O qeyd edib ki, icbari tibbi sığortanın tətbiqində ən vacib məsələlərdən biri tibb müəssisələrini prosesə hazırlamaqdan ibarət idi:

“İcbari tibbi sığortanın əsas prinsipləri vətəndaşın səhiyyə xidmətlərinə əlçatanlığını təmin etmək, əhalinin tibbi xidmətlərə əlçatanlığını təmin etmək, tibbi xidmətlərin keyfiyyətini yüksəltmək və bütün tibb müəssisələrini elektronlaşdırmaqdan ibarət idi. Məlumatların mübadiləsi elektronlaşmalı idi. Çünki kağız üzərindən bu məlumatların təqdim olunması və yoxlanılması qeyri-mümkün idi. Artıq üç ilə yaxındır icbari tibbi sığorta ölkədə ən uğurlu layihələrdən biri kimi tətbiq olunur”.