Tarif Şurasının İCLASI KEÇİRİLDİ - Qiymətlərlə bağlı YENİ QƏRAR
Bu gün Tarif (Qiymət) Şurasının növbəti iclası keçirilib.
Publika.az xəbər verir ki, Prezident İlham Əliyevin 15 aprel 2020-ci il tarixli fərmanının 3.1-ci bəndində “Baytarlıq haqqında” qanunun 39.5-ci maddəsinə uyğun olaraq, xidmət haqqını Nazirlər Kabinetinin müəyyən etməsi təsbit olunub. Tapşırığın icrası ilə əlaqədar Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli qərarı ilə baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqının məbləği təsdiq edilib.
Bu baxımdan iclasda “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına maliyyələşdirilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Şuranın 26 iyul 2007-ci il tarixli qərarı ləğv olunub, həmçinin, yeni dövlət qeydiyyatına alınan 200-ə yaxın dərman vasitəsinin qiymətləri də təsdiq edilib.
Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 12864 dərman vasitəsinin tam siyahısı Şuraın rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Qərarlarla saytın (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.