Qəlyan çəkilməsi 200 siqaretin tüstüsünə bərabərdir

Ölkəmizdə 2008-ci ildə aparılan təhlillərə görə, bütün ölümlərin təxminən 87 faizi qeyri-infeksion xəstəliklərin payına düşür. Statistikanın təhlili onu da göstərir ki, ürək-damar xəstəliklərindən ölənlərin sayı 51, xərçəng xəstəliklərindən vəfat edənlərin sayı 11 faiz olub, Dünya Səhiyyə Təşkilatının proqnozuna görə, 2010-2020-ci illər ərzində qeyri-infeksion xəstəliklər, o cümlədən ürək-damar, beyin-damar və xərçəng xəstəliklərinin 15 faiz artması gözlənilir. Həmin təşkilatın məlumatına görə, 2025-ci ilə qədər dünyada 20 milyon xərçəng xəstəsinin qeydə alinmaq ehtimalı var. 2014-2050-ci illər arasında ölümlərin böyük bir hissəsi tütünçəkənlər arasında olacaqdır. Tədqiqatlar göstərir ki, tütündən istifadənin 50 faiz azaldılması 2020-ci ilədək 180 milyon nəfərin həyatını xilas etməyə imkan verəcəkdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Sağlam Düşüncə” Gənclər təşkilatının icra etdiyi “Tütünsüz Cəmiyyət” layihəsi çərçivəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin tərəfdaşlığı ilə təşkil olunan Tütünlə Mübarizə üzrə IV Milli Konfransında danışılıb.

Konfransı giriş sözü ilə açan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov qlobal miqyas almış tütünçəkməyə qarşı mübarizə üçün görülən tədbirlər barədə danışıb.

Milli Məclisin səhiyyə komitəsinin sədr müavini Musa Quliyev tütünçəkmənin qadağan edilməsi haqqında qanunun qəbul edilməsi ilə əlaqədar müzakirələrə 2003-cü ildə başlanıldığını, ötən müddət ərzində müxtəlif ölkələrin təcrübəsi və qabaqcıl modellər öyrəniləndən sonra nəhayət, bu il onun qəbul edildiyini söyləyib. Komitə sədrinin müavini deyib: “Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunun qəbulu ölkədə tütünsüz və tüstüsüz mühit yaratmağa xidmət edir, digər tərəfdən siqaret çəkməmək sağlamlığa qayğı ilə yanaşı, həm də bir mədəniyyət məsələsidir. Qanunda belə bir müddəa da öz əksini tapıb ki, kütləvi informasiya vasitələrində, xüsusilə telekanallarda ayda 90 dəqiqədən az olmayaraq siqaretin zərəri barədə verilişlər, həkim məsləhətləri verilməli, sosial çarxlar nümayiş olunmalıdır”.

Onun dediyinə görə, ilkin müzakirələr zamanı elektron siqaret və sulu qəlyan ilə əlaqədar bəzi müqavimətlər olsa da, son nəticədə qanunda onların da qadağan edilməsi öz əksini tapıb. Qeyd etmək lazımdır ki, 1 dəfə sulu qəlyan çəkilməsi 200 siqaretin tüstüsünə bərabərdir”.

Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin sektor müdiri Adil Vəliyev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov, Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev və “Sağlam Düşüncə” Gənclər Təşkilatının İdarə heyətinin üzvü Ramiz Əliyev çıxış edərək tütündən istifadənin fəsadları barədə danışıblar.

Konfransda Səhiyyə Nazirliyinin İctimai İslahatlar və Səhiyyə Mərkəzinin şöbə müdiri Nabil Seyidov, mərkəzin sektor müdiri Tofiq Seyidov dünyada qeyri-infeksion xəstəliklərin əsas mənbələrindən birinə çevrilən tütünçəkmə problemləri, onun zərərli təsirlərini əks etdirən statistika barədə danışmış, yeniyetmə və gənclər arasında tütünün yayılmasının qarşısının alınması, Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin sektor müdiri Adil Vəliyev qanunun ayrı-ayrı müddəaları barədə danışıblar.

Konfransda İnsan Hüquqlarım üzrə Müvəkkili (Ombudsman) Aparatının sektor müdiri Mahir Məmmədov “Sağlamlıq hüquqlarının üstünlüyünün tütünlə mübarizədə əhəmiyyəti”, ASAN Könüllüləri Təşkilatının sədr müavini Fidan Alıyeva “Gənc könüllülərin tütünlə mübarizədə töhfəsi” və “Sağlam düşüncə” gənclər təşkilatının İdarə Heyətinin üzvü Nicat Hüseynov “Vətəndaş cəmiyyəti tütünlə mübarizəni dəstəkləyir” mövzusunda çıxış ediblər.

 

AZƏRTAC