Uşaqlarda sidikqaçırma nə vaxt xəstəlik sayılır?

E-tibb.az

Gecələr uşaqların sidik qaçırmaları aktual problemdir. Müasir tibb elmi uşaqların gecələr yuxuda sidik qaçırmalarının yaranma səbəbləri və müalicəsi yollarını araşdırır.

Enurez nədir?

Enurez – qeyri-iradi sidikqaçırma 6-7 yaşdan yuxarı uşaqların sidik saxlaya bilməməsinin patologiyasıdır. Enurez əsasən, gecə yuxusu zamanı özünü göstərir. Enurezə günün digər vaxtı daha az rast gəlinir.

Mütəxəssislərin rəyinə görə, struktur və nevroloji pozğunluğu olmayan uşaq orta hesabla 2,5 yaşında sidiyini tutmağı, ehtiyacı gələndə xəbər verməyi, köməkli, ya da köməksiz tualetə getməyi öyrənir. 2 yaşa kimi gündüz, 4 yaş sonuna kimi isə gecə sidik nəzarəti qazanılır. 5 yaşından sonra meydana gələn sidik qaçırmaları normal hal kimi qəbul olunmur. Buna görə də, uşaq 5 yaşından böyükdürsə və sidik qaçırırsa, mütləq həkimə müraciət olunmalıdır.

Uşaq cərrahı – uroloq, 1 saylı Kliniki Tibbi Mərkəzin Uşaq Cərrahiyyəsi şöbəsinin əməkdaşı Allahverdi Musayev e-tibb.az-a bildirib ki, 5 yaşınadək 15-20%, 5-7 yaşında 5-10%, 7-15 yaşında 1-2%, 15 yaşın üstündə olan 0,5-1% uşaqlarda gecə enurezinin baş verməsinə rast gəlinir: “Enurez – qeyri-iradi sidik ifrazıdır və 3 yaşa qədər uşaqlarda bu, normal hal sayılır. Sidik ifrazı, yəni sidiyə getmə zamanı sidik kanalı əzələləri boşalmalı, qarın və sidik kisəsi əzələləri isə eyni vaxtda yığılmalıdı. Bütün proses sinir sistemi tərəfindən avtomatik olaraq tənzimlənsə də, uşağın özü tərəfindən buna nəzarət edilir. 3 yaşından sonra uşaqlarda sinir sistemi inkişaf edərək, artıq bu prosesə şüurlu şəkildə nəzarət etmək iqtidarında olur. Bu dövrdən etibarən sidik kisəsi dolduqda, uşaqda sidiyə getmək istəyi yaransa da, o artıq avtomatik olaraq həmin an sidiyə getmir, bunun üçün tələb olunan şəraiti gözləyərək, sidiyini saxlaya bilir. 3 yaşdan yuxarı uşaqlarda qeyri-iradi sidik ifrazı davam edərsə, mütləq həkimə müraciət etmək lazımdır. Uşaqlar, adətən, 3 yaşından sonra sidiyi saxlamağı öyrənir, 4-5 yaşına qədər gündüzləri arabir, gecələri isə daha çox altlarını isladırlar. Uşaq böyüdükcə vəziyyətin dəyişməsi gözlənilir. Ancaq problem davam etdiyi halda, uşaq psixoloji və fizioloji olaraq müayinə etdirilməlidir”.

Həkimin sözlərinə görə, uşaqlarda gecə sidik qaçırma səbəbi irsi, yaxud fizioloji ola bilir: “Valideynlərin keçmişində tualet vərdişində problem yaşanıbsa, uşaqda da eyni narahatlıq görülməkdədir. Uşağın əlaqəli əzələlərinin tam inkişaf etməməsi, böyrək və sidik kanalı xəstəlikləri, onurğa və mərkəzi sinir sistemi pozulmaları da buna səbəb olur. Digər tərəfdən, uşaqlar həddindən artıq yorulub, yaxud da yatmazdan öncə çoxlu su içib tualetə getmədən yatarlarsa, gecə sidik qaçırma halı baş verər”.

Psixoloji səbəblərə gəldikdə, A. Musayev qeyd edib ki, nevrotik enurezli uşaqlar məktəbdə və ya evdə-ailədə çətin psixoloji vəziyyətə düşdükdə də, onlarda qeyri-iradi sidik ifrazı – enurez qeyd edilir.

O vurğulayıb ki, enurez tibbi səbəblərdən yaranırsa, mütləq həkimə müraciət etmək lazımdır.

E-tibb.az