Serebral iflicin müalicəsində əsas məqsəd uşağın həyat keyfiyyətini mümkün qədər artırmaqdır
Bakı, 27 may, AZƏRTAC
Uşaq serebral iflici çox tez-tez rast gəlinən və müxtəlif səbəblərlə ortaya çıxan statik beyin patologiyasıdır.
AZƏRTAC xəbər verir ki, bunu defektoloq-loqoped Nuriyyə Aslanova deyib. Loqopedin sözlərinə görə, xəstəliyi yaradan səbəblər çoxdur və əksər hallarda bu genetik, hamiləlik, eləcə də doğuş zamanı yaranan problemdən, virusdan yaranır. Xəstəliyin əsas əlaməti uşaqlarda inkişafdan geriqalma və ya əzələ tonusunda dəyişiklik, hərəkət inkişafının ləngiməsi və pozulmasıdır.
N.Aslanova fizioterapiya və reabilitasiyanın bu xəstəlikdən əziyyət çəkən uşaqlar üçün əsas müalicə metodu olduğunu deyib: “Müalicənin məqsədi həmin uşaqların həyata uyğunlaşma səviyyəsini mümkün qədər artırmaqdır. Serebral iflicli uşaqlar və böyüklər tibbi yardım qrupu ilə uzunmüddətli müalicəyə ehtiyac duyurlar. Uşağa tibbi yardım göstərəcək komandaya vəziyyətin şiddətindən asılı olaraq pediatr və ya psixiatr, bəzən uşaq nevroloqu, müxtəlif fiziki və psixi terapevtlər daxil ola bilər. Serebral iflicin müalicə prosesində əsas məqsəd xəstəliyin əlamətlərini minimuma endirmək və həyat keyfiyyətini mümkün qədər artırmaqdır. Bunun üçün əzələ gərginliyini azalda bilən dərmanlar funksional qabiliyyətləri yaxşılaşdırmaq, ağrıları müalicə etmək üçün istifadə edilə bilər.
Hər şeydən əvvəl, fiziki müalicə prosesi zamanı əzələ hazırlığı və məşqlər uşağın əzələ gücünü, elastikliyini, tarazlığını və hərəkətliliyini artırmağa kömək edir. Eyni zamanda, valideyn uşağın evdə yuyulması və qidalanması kimi gündəlik ehtiyaclarını təhlükəsiz şəkildə təmin edə bilmək üçün həkimdən bəzi metodları öyrənməlidir. Həm fiziki, həm də peşə terapevtləri doğuşdan sonrakı ilk 1-2 il ərzində baş və gövdə hərəkətlərinə, sürünməyə, yuvarlanmağa və tutmağa nəzarət etməklə uşağa dəstək verirlər. Sonra hər iki terapevt əlil arabasının zəruriliyi ilə bağlı qiymətləndirmə aparırlar. Uşağa yerimək və əzələ inkişaf etdirmək üçün diz breketləri və ya şinlər də tövsiyə oluna bilər. Peşə terapevtləri uşağa evdə, məktəbdə və cəmiyyətdə gündəlik fəaliyyətlərdə və iş rejimlərində müstəqillik qazanmasına kömək etmək üçün çalışır. Nitq probleminin aradan qaldırılması üçün isə loqopedlə işləmək lazımdır. Əqli gerilik üçün loqoped və psixoloq tərəfindən xüsusi məşqlər keçirilir. Bütün bunlar müntəzəm şəkildə olarsa, yaxşı nəticə alına bilər”.