Səhiyyə Nazirliyinin mütəxəssisi: Ürək xəstəliklərindən əziyyət çəkənlər arasında ölüm halları koronavirusa görə artıb
Bakı, 18 avqust, AZƏRTAC
Dünyada olduğu kimi, Azərbaycanda da ürək xəstəliklərindən əziyyət çəkənlər arasında ölüm halları yeni növ koronavirus (COVID-19) infeksiyasına görə artıb. Ürək-damar xəstələri ilə digər xəstəliklərdən əziyyət çəkənlərin COVID-19-a yoluxmasında xüsusi fərq yoxdur, lakin ürək xəstələri koronavirusu daha ağır keçirirlər.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, invaziv kardioloq Qalib İmanov nazirliyin instaqram hesabında “Ürək xəstəlikləri və COVID-19” mövzusundakı çıxışında deyib.
Həkim-kardioloq bildirib ki, koronavirus əleyhinə istifadə olunan preparatların ürək dərmanları ilə birgə istifadəsi çox təhlükəlidir: “Ona görə də ürək-damar xəstəliklərindən əziyyət çəkənlər koronavirusa yoluxduqda həkimlə məsləhətləşərək düzgün müalicə metodu seçməlidirlər. Risk qrupuna daxil olan hər kəs kimi ürək-damar xəstəliklərindən əziyyət çəkənlər də mütləq peyvənd olunmalıdırlar, çünki ağırlaşmaların qarşısını yalnız vaksinasiya ilə almaq mümkündür. Nəzərə almaq lazımdır ki, COVID-19 əleyhinə istifadə edilən peyvəndlərin yan təsirləri, virusun yan təsirlərindən dəfələrlə azdır. Ürəyində stent olanlar, ümumiyyətlə ürək əməliyyatı keçirən hər kəs mütləq peyvəndlənməlidir. Ağır ürək çatışmazlığı olan xəstələr yüksək risk qrupuna aiddir. Belə xəstələrdə ürəyin əzələ gücü zəif olduğu üçün infeksiyaya yoluxarkən ağırlaşma daha tez baş verir”.