Səhiyyə Nazirliyində yekun kollegiya iclası keçirilib

28.12.2017-ci il tarixində Səhiyyə Nazirliyində geniş tərkibli kollegiya iclası keçirilib. İclasda Səhiyyə Nazirliyi tərəfindən 2017-ci il ərzində görülmüş işlər və barədə məruzələr dinlənildi.

Səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə keçirilən iclasda ilk olaraq Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş siyasətinin, möhkəm iradəsinin məntiqi nəticəsi olaraq hətta bütün dünya üçün çətin olan son illərdə də ölkəmiz inkişafı davam etdirilmişdir.

G.Poladov qeyd etdi ki, dünyadakı maliyyə böhranına baxmayaraq, Dövlət başçısının sosial yönümlü siyasətinin nəticəsi olaraq Azərbaycanda çoxsaylı səhiyyə müəssisələrinin tikintisi, əsaslı təmiri və müasir avadanlıqlarla təchiz edilməsi bu il də həyata keçirilmişdir. 2017-cı ildə Sabirabad, Neftçala rayon Mərkəzi Xəstəxanalarınınaçılışında ənənəvi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəxsən iştirak etmiş və öz xeyir-duasını vermişdir. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun açılışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva şəxsən iştirak etmişdir. Eləcə də, cari ildə Masallı rayon Mərkəzi Xəstəxanasında təmir işləri başa çatmış və əhalinin istifadəsinə verilmişdir.

Hazırda Qazax, Şəmkir, Naftalan, Goranboy, Füzuli, Quba rayon mərkəzi xəstəxanalarında təmir-tikinti işləri davam etdirilir. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda, o cümlədən Psixi Sağlamlıq Mərkəzinin Uşaq Reabilitasiyası şöbəsində təmir işləri başa çatmış, hazırda müasir avadanlıq və inventarla təchiz olunmaqdadır.

Böyük diaqnostik imkanlara malik olan bu tibb ocaqları əhalinin profilaktik tibbi müayinələrdən keçirilməsinə münbit şərait yaratmışdır. İl ərzində 18 yaşdan yuxarı Respublika əhalisinin 76,6 faizitibbi müayinələrdən keçirilmişdir. Onların3 faizində ilkin xəstəliklər aşkar olunmuş, 1.2 faizi dispanser nəzarətə alınmış, 4.2 faizi sağlamlaşdırılmış, 37,1 faizi əlavə müayinələrə cəlb edilmiş, 0.5 faizi hospitalizasiya olunmuşdur.

G.Poladov bildirdi ki, əhaliyə göstərilən tibbi xidmətin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilmiş dövlət proqramlarının xüsusi rolu olmuşdur.

Uşaqların icbari dispanserizasiyası Dövlət proqramı çərçivəsində 2017-cı ildə uşaqların 90faizdən çoxu müayinələrə cəlb olunmuşdur. Tibbi müayinədən keçirilmiş uşaqların 5.1 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülmüş, 1 faizi isə ixtisaslaşdırılmış tibb müəssisələrinə hospitalizasiya olunmuşdur. Bu Proqramının icra müddəti bi il başa çatdığından, Səhiyə Nazirliyi tərəfindən 2018-2022-ci illər üçün yeni Dövlət Proqramının layihəsi hazırlanmış və Nazirlər Kabinetinə təqdim edilmişdir.

“Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” çərçivəsində mütəmadi olaraq ana və uşaqlara xidmət göstərən tibb müəssisələrinin, xüsusən neonatoloji reanimasion şöbələrin maddi-texniki bazası gücləndirilmiş, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılmışdır.

Respublikamızda həyata keçirilən bu tədbirlərin nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika əldə edilmişdir.Bildiyiniz kimi, respublikada son 3 ildə diridoğulmanın beynəlxalq meyarları tətbiq olunur. Bu günə qədər 1000 qramdan az çəki ilə doğulmuş 332körpədən 111-ni xilas etmək mümkün olmuşdur.

Azərbaycan RespublikasınınBirinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə tikilib istifadəyə verilən Respublika Talassemiya Mərkəzində talassemiyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunması hesabına son 10 ildə talassemiyadan ölüm göstəricisi 5 dəfə azalmışdır. Hazırda 3100 xəstə bu mərkəzdə daimi müalicə alır, onlardan 2977 nəfər talassemiya xəstəsidir.

Son illərdə Respublika Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatı uğurla həyata keçirilir. Cari ildə 12 sümük iliyi transplantasiyası aparılmış, onlardan 1 nəfər kəskin leykoz, 1 nəfər aplastik anemiya, digər 10 nəfər isə böyük beta-talassemiya xəstəsi olmuşdur.

 

Talassemiyanın profilaktikası baxımından cənab Prezidentin təşəbbüsü ilə nikaha daxil olunanların tibbi müayinəsi çox böyük əhəmiyyət kəsb edir. Belə ki, il ərzində130 minə yaxın insanın qan nümunəsi müayinə olunmuşdur. Onların arasında 3611 talassemiya daşıyıcısı, 103qazanılmış immunçatışmazlığı sindromu, 422 sifilis xəstəliyi aşkar edilmişdir. Müayinə olunanların arasında talassemiyalı 38 cütlük aşkar edilmişdir. Bu cütlüklərdən hamilə qalmış 24 qadının hər birindən götürülmüş döl materialının müayinəsi aparılmışdır. Nəticədə 4 sağlam, 14 daşıyıcı, 6 xəstə döl aşkarlanmışdır.

Ümumilikdə, xəstəlik müəyyən edilmiş 10 halda hamiləliyin pozulması qadınlara məsləhət görülmüş və həyata keçirilmişdir. Bu da o deməkdir ki, artıq Azərbaycanda talassemiyalı xəstə uşaqların doğulmasının qarşısı alınması istiqamətində konkret addımlar atılır.

Hazırda Respublikamızda 1583 hemofiliyalı xəstə qeydiyyatdadır. Uğurla həyata keçirilən Dövlət proqramı çərçivəsində belə xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, davamlı faktor preparatları ilə təmin olunması nəticəsində onların həyat keyfiyyətinin yaxşılaşmasına və bu xəstəlikdən yaranan əlilliyin və ölüm hallarının azaldılmasına nail olunmuşdur.

Son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir. Əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artırılır. Belə ki, 2010-cu ildə 19,5 ton qan tədarük edilmişdirsə, 2017-cı ildə bu rəqəm 37 tondan çox olmuşdur.

Bu il yalnız Məhərrəm ayının Aşura günü ərzində 3827nəfər insandan qan götürülmüş və 1722 litr qan tədarük edilmişdir.Hazırda tibb müəssisələrinin və xəstələrin “təhlükəsiz” donor qanına və onun komponentlərinə olan ehtiyacı tam ödənilir.

Qanın bədxassəli xəstəlikləri ilə xəstələnmənin və bu səbəbdən ölüm hallarının yüksək göstəriciləri, bu xəstəliklərə, əsasən, əmək qabiliyyəti yaşında olan insanların və uşaqların düçar olması, müayinə və müalicə xərclərinin xəstələr üçün ağır maddi yük olmasını nəzərə alaraq “2017-2021–ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı” qəbul edilmişdir.

Şöbə müdiri əlavə etdi ki, hazırda qeyd olunan Proqram üzrə 1852 xəstənin dövlət hesabına innovasion preparatlarla təminatı həyata keçirilir.Beləliklə də, əvvəlllər mütləq ölümlə nəticələnən bu xəstəlikdən əziyyət çəkənlərin həyat keyfiyyəti yaxşılaşmış və bəzi hallarda sağalması mümkün olmuşdur.

Bədxassəli şişlərlə mübarizə işində də nəzərəçarpan irəliləyiş əldə olunmuşdur. Mütəmadi olaraq onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılır, yeni texnologiyalarla işləmək üçün müvafiq mütəxəssislər hazırlanır. Milli Onkologiya Mərkəzində aparılan müayinə, müalicə Avropa və Amerikada qəbul olunmuş ən müasir protokollar üzrə həyata keçirilir.

Son illər səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi artıq öz həllini tapmışdır.

Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 43 mərkəzdə 3400-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunurlar. Diqqətəlayiqdir ki, bu mərkəzlərdən

34-ü bölgələrdə yerləşir. 2017-ci ildə Masallı, Zərdab, Sabirabad, Neftçala rayonlarında yeni hemodializ şöbələri açılmış, Respublika Klinik Xəstəxanasının II hemodializ şöbəsində təmir işləri başa çatmışdır, Sumqayıt şəhəri və Bakı şəhəri 3 saylı Klinik xəstəxanasında fəaliyyətdə olan mövcud mərkəzlərə isə əlavə aparatlar quraşdırılmışdır.

Qeyd etmək lazımdır ki, bu kateqoriya xəstələrə hazırda hemodializlə yanaşı, xəstəliyin radikal müalicə üsulu olan böyrəkköçürmə əməliyyatları da həyata keçirilir. İndi Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunmuş 900-dən artıq insan var və dövlət onların dərman təminatını öz üzərinə götürmüşdür.

Şəkərli diabet üzrə tədbirlər proqramı çərçivəsində hazırda 225 mindən çox şəkərli diabet xəstəsi daim dövlət hesabına dərman və özünənəzarət vasitələri ilə təmin olunurlar. Bunun nəticəsi olaraq, şəkərli diabet xəstəliyindən ağırlaşmalarının və əlilliyin faizi azalmış, bu xəstələrin həyat keyfiyyəti yaxşılaşmış, eyni zamanda, bu xəstəlikdən ölüm faizi azalmışdır.

“Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı” çərçivəsində 800-ə yaxın xəstənin dövlət tibb müəssisələrində müayinə və müalicəsi aparılır. Bütün xəstələr maliyyə baxımından çox baha başa gələn yüksəkeffektli dərman preparatları ilə dövlət hesabına təmin olunurlar.Görülən tədbirlər, bu xəstəlikdən əlliliyin və ölüm hallarının azalmasına şərait yaratmışdır.

“Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası üzrə Proqram”ın icrasına dair Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş Tədbirlər planı bu gün uğurla həyata keçirilir. Proqram çərçivəsində digər tədbirlərlə yanaşı, inyeksion narkotik istifadəçiləri arasında əvəzedici müalicə proqramları tətbiq edilir və cari ildə 224 xəstə əvəzedici müalicəyə cəlb olunmuşdur.

“2016-2020-ci illər üçün İnsan immun çatışmazlığı virusu və Qazanılmış immun çatışmazlığı sindromu ilə mübarizə üzrə Tədbirlər Proqramı”nın uğurla həyata keçirilməsi nəticəsində, Azərbaycan hazırda immun çatışmazlığı vurusuna yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır.

Respublikada insan immun çatışmazlığı vurusuna yoluxmuş hamilə qadınların 96% antiretrovirus müalicəsinə cəlb olunmuşdur. Bunun nəticəsində, dünya statistikasında virusun anadan-uşağa ötürülməsi 5-11% təşkil etdiyi halda, Azərbaycanda bu rəqəm 1,8% -ə enmişdir.

Vərəmli xəstələrin aktiv müalicəyə cəlb olunması, geniş miqyaslı profilaktik tədbirlərin görülməsi, bu xəstələrin birinci və ikinci sıra dərman preparatları ilə tam təmin olunması nəticəsində son illər dinamik azalma tendensiyasına nail olunmuşdur. 2017-ci ildə bu xəstəlikdən ölüm hallarının sayı da azalmışdır.

Son 3 il ərzində Səhiyyə Nazirliyi nəzdində viruslu hepatitlərin diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi Komissiya” fəaliyyət göstərir.

Bu müddətdə Komissiyaya müraciət edən 7836 nəfərdən70 faizinə, yəni 5404 xəstəyə dövlət hesabına uzunmüddətli müalicə kursu təyin edilmişdir.

Bu gün ölkəmizdə əvvəllər əlacı olmayan bir sıra xəstəliklər müalicə edilir, mürəkkəb əməliyyatlar, o cümlədən qaraciyər transplantasiyası, süni oynaq və açıq ürək əməliyyatları aparılır. İlin əvvəlindən indiyədək 9 nəfərə qaraciyər, 81 nəfərə böyrək köçürülmüş, 79 xəstəyə endoprotezləşmə əməliyyatı aparılmışdır.

Yalnız 2017-ci ildə dövlət hesabına 1106 xəstəyə 966 acıq, 140 qapalı ürək əməliyyatı icra olunmuşdur. O cümlədən, 266 uşağa 201 acıq, 65 qapalı kardiocərrahiyyə əməliyyatı icra olunmuşdur. Xəstələrə 2413 angioqrafiya müayinəsi aparılmış və onlardan 684 nəfərə koronar damarların stentlənməsi icra olunmuşdur.

Son iki il ərzində Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 58 uşağa uğurla koxlear implantasiya əməliyyatı aparılmışdır.Maliyyə baxımından çox baha başa gələn yuxarıda adları sadalanan belə əməliyyatların dövlət hesabına icra olunması dövlətimizin əhalinin sağlamlığına verdiyi diqqət və qayğının bariz nümunəsidir.Cari ilin fevral ayından Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Stansiyasında ilk dəfə olaraq “telesəhiyyə” texnologiyalarının tətbiqi nəticəsində məsafədən videobağlantı vasitəsilə müxtəlif ixtisaslı mütəxəssislər tərəfindən konsultasiyaların aparılmasına start verilmişdir. Bu günə kimi 600-dən çox müraciət “telesəhiyyə” vasitəsilə cavablandırılmış və regionlarda çalışan həkimlərə müvafiq məsləhətlər verilmişdir.

Hazırda bütün çağırışların qeydiyyatı elektron formada aparılır və lazımı yerlərə təcili tibbi yardım maşınlarının göndərilməsi elektron xəritə üzərində real vaxt rejimində idarə olunur.Cari il ərzində “sanaviasiya” xidmətinə Respublikanın regionlarından 1108 çağırış daxil olmuşdur. Bunlardan yalnız 247 xəstə Bakı və ya digər şəhərlərdə yerləşən tibb müəssisələrinə köcürülmüşdür. Digər 854 xəstəyə yerində lazımi məsləhətlər və təyinatlar verilmiş, 36 xəstəyə cərrahi əməliyyatlar icra edilmişdir. Məlumat üçün bildirirəm ki, əvvəlki illərdə xəstələrin 50 faizindən çoxu Bakı şəhərinin müxtəlif tibb müəssisələrinə köçürülürdü.

Vətəndaşların səhiyyə ilə bağlı müraciətlərinin təcili həlli məqsədilə yaradılmış Elektron Səhiyyə Mərkəzi fəaliyyətini davam etdirmişdir. İl ərzində Elektron Səhiyyə Mərkəzinə 23400 insan müraciət etmiş, onların problemlərinin əksər hissəsi yerindəcə həll olunmuşdur.Eyni zamanda Səhiyyə Nazirliyinin “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 1120şikayət araşdırılmış və müvafiq tədbirlər görülmüşdür.Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrini rəhbər tutaraq səhiyyə naziri tərəfindən bu il Respublikanın 12 regionunda vətəndaşların qəbulu təşkil olunmuş, müraciət edən hər bir vətəndaş dinlənilmiş və müvafiq tədbirlər görülmüşdür. Xüsusilə qeyd etmək istərdim ki, Səhiyyə Nazirliyinə daxil olmuş müraciətlər arasında minnətdarlıq məktublarının sayı ötən illə müqaisədə 2 dəfə artmışdır.

2017-cı ildə Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. İl ərzində Səhiyyə Nazirliyinin Mətbuat Xidməti tərəfindən 140-dan artıq tədbir keçirilmişdir, bu isə keçən ilin analoji göstəricindən 2 dəfə çoxdur.

Nazirlik tərəfindən son illər ərzində kadr hazırlığı sahəsındə müstəsna əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.İl ərzində 4748 həkim və 8243 orta tibb işçisi təkmilləşmə kurslarından keçmiş, 3947 həkim və 5869 orta tibb işçisi sertifikat almışdır.Cari ildə keçirilmiş imtahanlar nəticəsində 519 həkim mərkəzləşdirilmiş qaydada işə qəbul olunmuşdur. Onlardan 218 nəfəri Respublikamızın müxtəlif reqionlarında işlə təmin olunmuşdur.

2016/2017-ci tədris ilində rezidenturanı 38 ixtisas üzrə 428 həkim-mütəxəssis bitirmişdir ki, onlardan 359nəfər təyinatla iş yerlərinə göndərilmişdir.

Elektron xidmətlərdən istifadənin asanlaşdırılması məqsədi ilə 20 adda elektron xidmət təkmilləşdirilimiş, interfeysi yenilənmiş və istifadəyə verilmişdir. Yeni “Davamlı tibbi təhsil tədbirlərin akkreditasiyası üçün müraciət” elektron xidməti yaradılmışdır və istifadəyə verilmişdir.

Bakı və Sumqayıt şəhərlərinin 10 böyük xəstəxanası və Səhiyyə Nazirliyi arasında optik kommunikasiya xətti çəkilmiş və Mərkəzləşdirilmiş PACS, yəni görüntülərin arxivlənməsi və ötürülməsi sistemi tətbiq edilmişdir. Hazırda bu xəstəxanalarda KT, MRT, rentgen və s. avadanlıqlarla çəkilən görüntülər Vahid Mərkəzləşmiş məlumat bazasına toplanır və radioloqların bu görüntülərə çıxışı təmin olunur. “Yeni doğulmuş uşaqlara Fərdi İdentifikasiya Nömrələrinin (FİN) verilməsi” layihəsi çərçivəsində130 minə yaxın yenidoğulmuşa identifikasiya nömrəsiverilmiş və onun əsasında doğum şəhadətnaməsi alınmışdır. Bu sistem aidiyyəti olan butun dövlət təşkilatlarının qarşılıqlı əlaqəsini təmin edir.

Hamilə qadınların, icbari dispanserizasiyadan keçmiş uşaqların, şəkərli diabet xəstələrin, xroniki böyrək çatışmazlığı olan xəstələrin registrləri üzrə proqram təminatları təkmilləşdirilmiş və mütəxəssislər üçün müvafiq təlimlər keçirilmişdir.

Səhiyyə sisteminin fəaliyyətinin nəticələrinin davamlı elektron monitorinqi mexanizminin təkmilləşdirilməsi məqsədi ilə Vahid Səhiyyə İnformasiya Sisteminin “Analitik modulu” yenilənmişdir. Belə ki, mövcud tibbi elektron registrlərin visual monitorinqi və analitikası üçün müasir məlumat panelləri yaradılmışdır.

2017-cı ildə səhiyyənin digər sahələri kimi beynəlxalq əlaqələr sahəsində də görülən işlər davam etdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Gənc mütəxəssislərin xarici ölkələrdə təhsili üzrə” Dövlət Proqramı çərçivəsində 160 müdavim dünyanın nüfuzlu klinikalarında təlim kursları keçmişlər. Eyni zamanda, xaricdən dəvət olunmuş mütəxəssislər tərəfindən tibb elminin müxtəlif sahələri üzrə tibb işçiləri üçün nəzəri-təcrübi kurslar təşkil edilmişdir.

2017-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı çərçivəsində səhiyyənin müxtəlif sahələrinə aid keçirilən konfranslarda Azərbaycanın115 nümayəndəsi iştirak etmişdir.2017-ci ildə bir sıra ölkələrlə imzalanmış səhiyyə və tibb elmi sahəsində əməkdaşlığa dair sazişlər çərçivəsində Türkiyə, İtaliya, Belarus, Latviya və Litva tərəfi ilə işçi qruplar çərçivəsində görüşlər keçirilmiş və qarşılıqlı fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir.

G.Poladov çıxışının sonunda qeyd etdi ki, “biz hər zaman, hər an, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin səhiyyəyə olan xüsusi diqqət və qayğısını hiss edirik. Bu da, bizim məsuliyyətimizi artırır və gələcəkdə daha böyük nailiyyətlər əldə etmək üçün ruhlandırır.Dövlət başçısının səhiyyə siyasətini daim dəstəkləyən tibb işçiləri, öz növbəsində, qarşıya qoyulan vəzifələri bundan sonra da əzmlə yerinə yetirəcəklər”.

Kollegiya iclasının davamında Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, ET Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova, Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov çıxış etdilər.

Sona doğru ənənəvi olaraq səhiyyə naziri Oqtay Şirəliyev ilin yekunlarına dair çıxış etdi.

Oqtay Şirəliyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin səhiyyə və tibb sahəsinə böyük diqqət və qayğısını vurğuladı. Nazir qeyd etdi dünyada iqtisadi böhranın hökm sürdüyü bir dövrdə ölkəmizin sosial-iqtisadi rifahı ölkə bacısının yorulmaz səyi nəticəsində bütün sahələrdə o cümlədən də səhiyyə sahəsindəki inkişafı da sürətlə davam edib.

Cari ildə bir necə tibb müəssisələrinin istifadəyə verilməsi, bir necəsinin təmir və tikintisinin davam etməsi səhiyyə sahəsinin inkişafının bariz nümunələrindəndir.

Nazir Oqtay Şirəliyev səhiyyənin ən prioritet istiqamətlərinə dair təsdiqlənmiş Dövlət Proqramlarının uğurla tətbiqini, bu Proqramların insanların həyatındakı xüsusi əhəmiyyətini vurğuladı.

Bildirildi ki, ana və uşaqların sağlamlığının qorunması məqsədilə qəbul edilmiş “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” çərçivəsində mütəmadi olaraq ana və uşaqlara xidmət göstərən tibb müəssisələrinin, xüsusən neonatoloji reanimasion şöbələrin maddi-texniki bazası gücləndirilmiş, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılmışdır. Hazırkı rəqəmlər, statistik göstərişlər səhiyyə sahəsinin istənilən bölməsində xeyli irəliləyişlərin əldə olunduğunu sübut edir. Uşaqların sağlamlığı ilə əlaqədar çox mühüm işlər görülür. Bunlardan biri uşaqların icbari dispanzerizasıyasıdır. Bu tədbir sayəsində azyaşlıların ölüm göstəriciləri dəfələrlə aşağı yenib. Dispanzerizasiya imkan verir ki, gələcək üçün yeni sağlam nəsil yetişsin. Lakin əldə olunan nailiyyətlərlə yanaşı problemlər də mövcuddur. Bu gün bütün diqqət bu problemlərin həllinə səfərbər olmalıdır.

Sonda nazir Qida Gigiyenası Agentliyinin yaradılması və fəaliyyəti eləcə də hazırda pilot layihə çərçivəsində fəaliyyət göstərən icbari tibbi sığortanın üstünlükləri habelə yeni qurumlarda inovativ idarəçilik üsullarının tətbiqdən danışdı.

Nikahdan əvvəl vətəndaşların müayinəsi, kadr hazırlığı, praktiki fəaliyyətlə məşğul olan tibb işçilərinin sertifikasiyası və s. əhəmiyyətli sahələr də səhiyyə nazirin çıxışında diqqətdən kənarda qalmadı.

Cənab nazir çıxışının sonunda tibb işçilərinı qarşıdan gələn 2018-ci ildə də həvəslə, öz peşələrinə yanaşmağı tövsiyə etdi və hər kəsi “Dünya Azərbaycanlılarının Həmrəyliyi” və “Yeni il” münasibəti ilə səmimi qəlbdən təbrik etdi.

Kollegiya iclasının yekununda Səhiyyə naziri Oqtay Şirəliyevin əmrinə əsasən səhiyyə və tibb elmi sahəsində xüsusi xidmətlərinə görə fərqlənmiş bir sıra tibb işçisinə “Səhiyyə əlaçısı” döş nişanı və Fəxri diplomlar təqdim edildi.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı