Səhiyyə Nazirliyi siqaret çəkənlərə xəbərdarlıq edib: "Xərçəng riskini artırır"

“Tütün istifadəsi bir sıra xəstəliklərin yaranma riskini artırır”.

“Report”un xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova deyib.

Onun sözlərinə görə, tütün istifadəsinin başda ağciyər olmaqla bütün orqanlara ciddi zərərləri var: “Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər 6 saniyədən bir dünyada tütünçəkmə ilə bağlı xəstəliklər səbəbindən bir nəfər dünyasını dəyişir. Tütün istifadəsi bir sıra xəstəliklərin yaranma riskini artırır. Onkoloji xəstəliklər – tənəffüs, mədə-bağırsaq, sidik-cinsiyyət, qantörədici sistemlərdə yüksək ehtimal ilə baş verə bilər. Tütünçəkmə ağciyərlərdə xərçəng xəstəliyinin yaranmasının əsas səbəbi hesab edilir. Ağciyər xərçəngindən ölən kişilərin 90%-də tütünçəkmə əsas amil sayılır. Aktiv tütün çəkənlərdə ağız boşluğunun, dodağın, mədənin və onikibarmaq bağırsağın xərçəng xəstəliyinin yaranması riski artır. Ürək-damar xəstəlikləri: ateroskleroz, serebrovaskulyar xəstəliklər, həmçinin qarın aortasının anevrizmasının inkişafı ehtimalı var. Bundan əlavə, tənəffüs yolları xəstəliklərinin (ağciyərlərin xroniki obstruktiv xəstəliyi, bronxit, pnevmoniya) yaranması mümkündür. Eyni zamanda, tütün çəkən kişilərdə erektil disfunksiya inkişaf riski nisbətən çoxdur”.

“Tütün çəkən insanlarda digər xəstəliklər (katarakta, mədənin peptik xorası, immun sisteminin zəifləməsi) müşahidə olunur, onların xarici görünüşü dəyişir. Belə ki, tütünçəkmə dişlərin və dırnaqların saralmasına, saçların tökülməsinə və qırışların yaranmasına gətirib çıxarır. Bəzən insanlar səhv olaraq bədən çəkisinə tütün çəkməklə nəzarət etməyi düşünürlər”, – İ.Axundova vurğulayıb.

İnstitut direktoru deyib ki, siqareti tərgitdikdən orqanizmdə müsbət yönümlü dəyişikliklər baş verir: “Tütünçəkmə nəticəsində əmələ gələn bir çox xəstəliklərin yaranma riski tütünçəkmədən imtina etdikdən sonra azalır. Xəstəliklərin yaranmasına görə fərdi risk tütünçəkmənin müddətindən və intensivliyindən asılıdır.

Siqareti tərgitdikdən sonra orqanizmdə təmizləmə aşağıdakı mərhələlərlə başlayır:

– İlk 20 dəq ərzində qan təzyiqi normallaşır;

– 8 saat sonra qanda oksigen səviyyəsi normallaşır, miokard infarktı riski azalır;

– 24 saat sonra karbonmonoksit orqanizmdən tamamən təmizlənir;

– 48 saat sonra qanda nikotin səviyyəsi azalır, dad və qoxu hissi yüksəlir;

– 2 həftə-3ay arası qan dövranı tam bərpa olur. Ağciyərlərin həyat tutumu 30% artır. Fiziki aktivlik yaxşılaşır;

– 1 ildən sonra koronar arteriyalarla bağlı xəstəlik riski 50% azalır;

– 5 il sonra ağciyər xərcəngi riski 2 dəfə azalır. İnsult riski siqaret çəkməyənlərlə eyni olur”.