Səhiyyə Nazirliyi: Azərbaycanda yeni 2019-nCoV koronavirus şübhəsi olan xəstə aşkarlanmayıb

Bakı, 28 yanvar, AZƏRTAC

Azərbaycanda yeni 2019-nCoV koronavirus şübhəsi olan xəstə aşkarlanmayıb. Əgər belə hal aşkar olunsa, nəzərdə tutulan tibb müəssisələrində lazımi şərait yaradılıb. Həmçinin mərkəzi rayon xəstəxanalarında da palatalar ayrılıb. Lazımi dərman preparatları və digər ləvazimatlarla təminat yüksək səviyyədə təşkil olunub.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Afaq Əliyeva xatırladıb ki, respublikada yeni koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb: “Sənəddə tibb müəssisələrində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi üçün müvafiq tapşırıqlar verilib”.

Həmçinin zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi mühafizə vasitələrindən (maskalardan) istifadəsinin təmin olunması, dərman preparatlarının, dezinfeksiyaedici maddələrin, həmçinin tibb personalı üçün fərdi mühafizə vasitələrinin ehtiyatının yaradılması əmrdə öz əksini tapıb.

Eyni zamanda, əmrdə xəstəlik hallarının ölkəyə gətirilməsinin qarşısının alınması məqsədilə xəstəlik baş vermiş ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidənin aparılmasında Dövlət Gömrük Komitəsinin və Səhiyyə Nazirliyinin mütəxəssislərinin qarşılıqlı fəaliyyətinin təmin olunması da tapşırılıb.