Qriplə koronavirusu ayırmaq çox çətindir, təngnəfəslik, boğulma varsa test vermək lazımdır-Həkim RƏYİ

“Növbəti həftələrdə koronavirusa yoluxma sayında artım görə bilərik. Bunun baş verməməsi üçün qaydalara tam əməl etmək lazımdır”.

e-tibb.az xəbər verir ki, bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə İşçi qrupunun üzvü, infeksionist Natiq Əliyev APA-ya açıqlamasında deyib. Həkim bildirib ki, bu aralar insanların qaydalara əməl etməsində müsbət dinamika var: “Amma  qaydalara mütləq şəkildə tam əməl olunmalıdır. Hazırkı göstəricilər 10-14 gün əvvəl qaydalara əməl olunmaması nəticəsində ortaya çıxıb. Bu gün qaydalara nisbətən əməl olunmasının dinamikasını növbəti həftələrdə görəcəyik”.

N.Əliyev qeyd edib ki, PZR testləri koronavirusa yoluxma olduğu halda ilk 7 gün ərzində pozitiv göstərir: “Koronavirusun ilk 7 gündə həssaslıq dönəmi keçdikdən sonra cavab neqativ çıxa bilər. Amma virus orqanizmdə qala, ağciyərlərdə ola və patologiyalar törədə bilər. Koronavirus üçün yaxma götürülərkən qaydalara mütləq şəkildə əməl olunmalıdır. Əgər eyni gündə verilən testlərin cavabı müxtəlif çıxıbsa, demək ki, yaxma düzgün götürülməyib”.

İşçi qrupun üzvü vurğulayıb ki, gigiyena qaydalarına əməl olunarsa, iki həftə ərzində yoluxma sayında azalma olacağını ehtimal etmək olar: “Hazırda mövsümi qriplə koronavirusu ayırmaq çox çətindir. Demək olar ki, bütün respirator virus infeksiyalarında əlamətlər oxşardır. Hazırda koronavirusu yalnız test verməklə ayırmaq olar. Təngnəfəslik və boğulma varsa, mütləq şəkildə COVID-19 testi vermək lazımdır”.

Həkim bildirib ki, hazırda hazırda kütləvi yerlərdən uzaq durmaq, şəxsi gigiyena, fərdi izolyasiya qaydalarına əməl etmək, ictimai nəqliyyatda ara məsafəsini gözləmək, zərurət olmadığı halda küçəyə çıxmamaq lazımdır.