Qız uşaqlarında genital axıntı barədə

Qız uşaqlarında genital (vaginal) axıntılar müxtəlif səbəblərlə meydana çıxa bilər. Bunlar əsasən fizioloji (normal) və patoloji (xəstəliklə bağlı) səbəblərlə əlaqədardır.
Fizioloji səbəblər
Bəzi yenidoğulmuş qız uşaqlarında həyatın ilk həftələrində az miqdarda vaginal qanama müşahidə oluna bilər. Bu, anadan keçən estrogen hormonlarının təsiri ilə yaranır və normal hal hesab olunur. Əksər halllarda bu qanama 3-cü aya qədər tamamilə kəsilir. Pediatr və ya neonatoloq müayinəsi vacibdir.
Məktəbəqədər yaş dövründə (əsasən 3–7 yaş arası) rast gəlinən şəffaf, qoxusuz, yumurta ağına bənzər axıntılar da fizioloji sayılır. Bundan əlavə, bəzi qız uşaqlarında menstruasiyadan təxminən 6 ay – 1 il əvvəl estrogen səviyyəsinin yüksəlməsi fonunda yüngül vaginal axıntılar müşahidə oluna bilər. Bu da narahatlıq doğurmamalıdır.
Patoloji səbəblər
Patoloji (xəstəliklə əlaqəli) vaginal axıntılar müxtəlif faktorlarla bağlı ola bilər:
- Spesifik infeksiyalar: bakteriyalar, göbələk, bağırsaq parazitləri (məsələn, qıl qurdu), protozoalar
- Kimyəvi və fiziki qıcıqlandırıcılar
- Allergik reaksiyalar
- Yad cisimlər (sabun parçası, qəpik, kiçik oyuncaq və s.)
Əgər axıntı pis qoxulu, qanlı və ya uzunmüddətli olarsa, vaginal nahiyədə yad cismin olub-olmaması mütləq yoxlanmalıdır.
Mikrobioloji səbəblər və yad cisim inkar edildikdən sonra nonspesifik vulvovaginit (səbəbi müəyyən edilməyən vulva və vaginal iltihab) diaqnozu qoyula bilər.
Klinik əlamətlər
- Vulva nahiyəsində qızartı, qaşınma, narahatlıq
- Sidik ifrazı zamanı yanma və ya sızlama hissi
- Alt paltarda sarı, yaşıl, yapışqan və ya qoxulu axıntı izləri
Uşaqlarda, böyüklərdən fərqli olaraq, əvvəlcə vulvit (xarici cinsiyyət orqanlarının iltihabı), daha sonra isə vaginit (uşaqlıq yolunun iltihabı) inkişaf edir.
Əsas səbəblər
Ən sıx rast gəlinən səbəblər:
- Düzgün gigiyena qaydalarına əməl olunmaması
- Bağırsaq parazitləri, xüsusilə qıl qurdu
- İsti və nəm mühit (nəm alt paltarla uzun müddət qalmaq)
- Dar, sintetik alt paltarları
- Sabun, antiseptik, hamam köpüyü kimi qıcıqlandırıcı vasitələrin istifadəsi
- Piylənmə, vulvada nəmliliyin artmasına səbəb olaraq infeksiya riskini artırır
Əgər qaşınma anasal nahiyədən (anus) başlayıb öndəki bölgəyə yayılırsa, parazitar infeksiya ehtimalı yüksəkdir.
Diaqnostika
- Şübhəli hallarda vaginal axıntıdan nümunə götürülərək laborator analiz (kultura) aparılır.
- Yad cisim ehtimalı varsa, ginekoloji müayinə
Müalicə prinsipləri
- Əvvəlcə qıcıqlandırıcı faktorlar aradan qaldırılmalıdır
- Ana və uşaq doğru gigiyenik vərdişlərlə bağlı maarifləndirilməlidir
- Gündəlik isti oturaq vannalar (10–15 dəq) tövsiyə olunur (sabunsuz!)
- Genital bölgəyə sabun və ya kimyəvi maddə tətbiq etmək olmaz
- Yaş salfetlərdən istifadə edilməməlidir
- Vulva yumşaq dəsmalla qurudulmalıdır
- Həkim təyinatı ilə lokal antibiotiklər və bəzi hallarda estrogen tərkibli kremlər istifadə oluna bilər
- Yad cisim varsa, həkim tərəfindən çıxarılmalıdır
- Bişməcəyə qarşı kremlər vulva dərisinin baryerini qorumaq üçün faydalıdır
Nonspesifik vulvovaginit adətən düzgün müalicə ilə 2–3 həftəyə sağalır.
Profilaktika (Qorunma tədbirləri)
- Genital bölgə hər zaman quru və təmiz saxlanılmalıdır
- Pambıq tərkibli alt paltarları geyindirilməli və hər gün dəyişdirilməlidir
- Hovuzdan və idmandan sonra paltarlar dərhal dəyişdirilməlidir
- Dar və sintetik geyimlərdən çəkinilməlidir
- Gigiyenik təmizləmə öndən arxaya doğru aparılmalıdır
- Kök və şəkərli uşaqlar daha yüksək risk daşıyır – diqqətli olunmalıdır
- Tualet vərdişləri erkən yaşdan doğru formada öyrədilməlidir
Nəticə
Qız uşaqlarında vaginal axıntı hər zaman xəstəlik əlaməti olmaya bilər, lakin bəzi hallarda diaqnoz və müdaxilə gecikərsə, nəticələr ciddi ola bilər. Şəffaf və qoxusuz axıntı normal, rəngli, qoxulu və ya uzun müddətli axıntılar isə həkimə müraciət səbəbidir. Gigiyenik vərdişlərin aşılanması və ailələrin maariflənməsi uşaqların sağlam inkişafı üçün vacibdir.
Qlobal baxış və statistika
Qız uşaqlarında genital axıntı və vulvovaginitlər dünya miqyasında tez-tez rast gəlinən, lakin səbəbləri müxtəlif olan problemlərdən biridir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UNICEF-in 2022-ci il hesabatına əsasən:
- Məktəbəqədər yaşda olan qız uşaqlarının təxminən 12–16%-ində həyatın ilk illərində azı bir dəfə vulvovaginit simptomları müşahidə olunur.
- İnkişaf etməkdə olan ölkələrdə bu göstərici 20%-ə qədər yüksəlir. Əsas səbəblər gigiyena qaydalarına əməl edilməməsi, parazitar infeksiyalar və təhsil səviyyəsinin aşağı olmasıdır.
Amerika Pediatriya Akademiyası (AAP)-nın məlumatlarına görə:
- ABŞ-da 3–8 yaş arası qız uşaqlarının təxminən 25%-i pediatrik praktikada azı bir dəfə vulvovaginit əlamətləri ilə həkimə müraciət edir.
- Bu halların 80%-dən çoxu səbəbi müəyyən olunmayan, yəni nonspesifik vulvovaginit kimi qiymətləndirilir.
Türkiyədə aparılmış araşdırmalarda isə 5–10 yaşlı qız uşaqlarında vulvovaginitin rastgəlmə tezliyi 13.4% olaraq bildirilmişdir. Parazitlər və zəif gigiyena bu halların əsas səbəbləri kimi qeyd olunur.
ÜST-nin yanaşmasına görə, uşaq yaşda vulvovaginal infeksiyaların qarşısının alınmasında əsas tədbirlər:
- Kiçik yaşlardan gigiyena qaydalarının öyrədilməsi,
- Antibakterial vasitələrin yalnız tibbi göstərişlə istifadə olunması,
- Parazitar və allergik faktorların araşdırılması,
- Zəruri hallarda cinsi istismar ehtimalının istisna olunmasıdır.
Həkim Nərmin ƏZİZOVA, Pediatriya.az saytının təsisçisi