Pediatriya.az təqdim edir: Uşaqların xasiyyəti genlərlə deyil, mühit və tərbiyə ilə formalaşır – Dünyanın üç böyük tədqiqatı bunu təsdiqlədi
Uşaqların şəxsiyyətinin necə formalaşdığı illərdir elm adamlarını maraqlandırır. Dünyanın aparıcı psixoloqları tərəfindən aparılan üç böyük tədqiqat göstərib ki, uşaqların xasiyyəti yalnız genetik amillərlə deyil, həm də ailə, sosial mühit və tərbiyə tərzi ilə sıx bağlıdır. Çin, ABŞ və beynəlxalq səviyyədə aparılan bu araşdırmalar valideynlər və müəllimlər üçün vacib nəticələr ortaya qoyub.
2021-ci ildə Çində aparılan və Frontiers in Psychology jurnalında yayımlanan araşdırma 10 mindən çox ibtidai sinif şagirdi üzərində aparılıb. Alimlər uşaqları “dayanıqlı”, “yuxarı nəzarətli” və “az nəzarətli” olmaqla üç əsas xasiyyət tipinə ayırıblar. Qız uşaqlarında emosional sabitlik daha yüksək, oğlanlarda isə impulsiv davranışlar daha çox müşahidə edilib. Yaş artdıqca “az nəzarətli” uşaqların payı artır, bu da sosial təzyiq və məktəb stresinin təsiri ilə izah olunur. Mütəxəssislər erkən yaşda emosional tənzimləmə və davranış bacarıqlarının inkişafının vacibliyini vurğulayıblar.
ABŞ-da 2015-ci ildə aparılan və Journal of Personality and Social Psychology jurnalında dərc olunan digər tədqiqatda 4 mindən çox uşaq və yeniyetmə 6 il ərzində izlənilib. Alimlər müəyyən ediblər ki, uşaqlıqda formalaşan vicdanlılıq, açıqfikirlik və emosional sabitlik xüsusiyyətləri gələcəkdə də sabit qalır. Sosial mühit və ailə münasibətləri bu xüsusiyyətlərin inkişaf istiqamətini müəyyənləşdirir. Erkən yaşda empatiya və özünü tənzimləmə qabiliyyəti olan uşaqlar daha uğurlu sosial həyat qururlar. Tədqiqat nəticələri göstərir ki, uşaqlıq dövrü gələcək şəxsiyyətin proqnozu baxımından həlledicidir.
Üçüncü tədqiqat isə beynəlxalq səviyyədə 2019-cu ildə aparılıb və Developmental Psychology Review jurnalında dərc olunub. ABŞ və Avropadan olan psixoloqlar 50-dən çox elmi işi analiz edərək 15 mindən çox uşaqla bağlı nəticələri bir araya gətiriblər. Alimlər sübut ediblər ki, uşağın doğuştan gələn tempramenti şəxsiyyətin bioloji bazasını yaradır, lakin sosial mühit və valideyn münasibətləri bu xüsusiyyətlərin necə formalaşacağını müəyyən edir. Valideyn dəstəyi və emosional istilik olan ailələrdə empatiya və sabitlik daha güclü, soyuq və gərgin mühitlərdə isə aqressiya halları daha çox olur.
Bu üç tədqiqat bir daha sübut edir ki, uşağın şəxsiyyəti yalnız genlərin deyil, eyni zamanda sevgi dolu ailə mühitinin və düzgün tərbiyənin məhsuludur.