Pediatr: Hər bir dərman vasitəsi yaxud bioloji əlavələr uşaqların yaşı, çəkisi nəzərə alınaraq verilir
Bakı, 20 dekabr, AZƏRTAC
Hər bir dərman vasitəsi və yaxud bioloji əlavələr uşaqların yaşını, çəkisini, uşaqlarda olan hər hansı bir orqan patologiyası nəzərə alınaraq verilir. Burada dozalanmada verilmə müddəti və günün saatı çox önəmlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında nazirliyin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Gülnaz Ağayeva söyləyib.
Pediatr qeyd edib ki, uşaq orqanizmində vitamin çatışmazlığı və ya vitaminin çox olması gələcəkdə geridönməz fəsadlara səbəb ola bilər və burada həkim məsləhəti çox önəmlidir: “Çünki mütəxəssis tərəfindən uşaq ətraflı müayinə olunmalı, sonradan dərman və digər vasitələrin qəbuluna qərar verilməlidir”.
G.Ağayeva bildirib ki, Səhiyyə Nazirliyi tərəfindən hər zaman həkim məsləhəti olmadan dərman preparatlarının və qida əlavələrinin uşaqlara düzənsiz verilməməsi ilə bağlı maarifləndirici məlumat və posterlər yayımlanır: “Mən də öz növbəmdə valideynlərə həkim təyinatı olmadan uşaqlara dərman preparatlarının verilməsini məsləhət görmürəm”, – deyə pediatr əlavə edib.