Ötən ay Kliniki Tibbi Mərkəzə 1161 nəfər zəhərlənmə ilə əlaqədar müraciət edib
Bakı, 2 fevral, AZƏRTAC
Yanvar ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə halları ilə əlaqədar 1161 nəfər müraciət edib.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 128-i Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Qəbul olan xəstələrdən 59-u dərman, 20-si sirkə turşusu, 11-i alkoqollu içki, 18-i dəm qazından zəhərlənib. Xəstələrdən 4-ü anafilaksiya, 11-i allergik reaksiya, 5-i isə botulizmlə əlaqədar müalicəyə cəlb olunub.
Zəhərlənənlərin 54-ü qadın, 48-i kişi, 26-sı isə uşaq olub. Həkimlərin göstərdiyi səylərə baxmayaraq 4 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Onlardan biri dərmandan, biri sirkə turşusundan, digəri metil spirtindən, daha biri isə dəm qazından zəhərlənmişdilər. Həyatını itirənlərdən 3-ü kişi, 1-i qadındır.