Oruc tutmaq istəyən hamilə qadınlar mütləq həkimlə məsləhətləşməlidirlər

Bakı, 29 mart, AZƏRTAC

Mütəxəssislərə görə Ramazan ayında ana olmağa namizədlərin oruc tutmağı məsləhət görülmür. Hamilə qadınlar həmin dövrdə qidalanmalarına xüsusi diqqət yetirməlidirlər.

AZƏRTAC tibbi saytlara istinadla bildirir ki, hamiləlik zamanı orqanizmdə daha çox qida və mayeyə ehtiyac duyulur. Həkimlər hamilə qadınlara meyvə, tərəvəz, taxıl qrupu, ət və süd məhsulları kimi qidaların əlavə istehlakını tövsiyə edirlər.

Ana olmağa namizədlərin kifayət miqdarda kalori, protein, vitamin və mineral ehtiyaclarının qarşılanması körpə üçün çox vacibdir. Bu dövrdə tutulan orucun zərəri olmaması barədə məlumatlar olsa da, tam əks vəziyyət də müşahidə edilir. İştahasızlıq, başgicəllənmə, qarın ağrısı, mədədə bulantı kimi problemlər meydana gələ bilər. Eyni zamanda hamiləlikdə oruc tutanların uzun müddət ac qalması səbəbindən uşaqlarda çəki problemi yaranır. Maye ehtiyacının qarşılanmaması ilə birlikdə aminyon mayesinin azalması və bununla bağlı olaraq düşük riskinin artması mümkündür. Aclıqların uzun çəkməsi qan şəkərinin düşməsinə də səbəb olur. Bu da halsızlıq, əsəbilik, başgicəllənməsi kimi hallarla özünü göstərir. Qastrit problemi yaşayan hamilələrin uzun müddət ac qalması nəticəsində mədə həddindən çox asid istehsal edir. Təzyiq problemi yaşayan hamilələrin oruc tutmaqları daha çox narahatçılıq yarada bilər. Oruc tutmaq istəyən hamilə qadınlar mütləq həkimə müraciət etməlidir.