Onların işdən çıxarılması mərkəzlərin işini iflic edər - Deputatdan təklif

“Sertifikasiya imtahanından keçə bilməyən həkimlərin vəzifə maaşlarının altı ay müddətində saxlanılması və iş yerlərinin qorunması hüquqi baxımdan sosial ədalətin təmini və həkimlərin rifahı baxımından təqdirəlayiq bir addımdır. Lakin bu müddəanın praktiki tətbiqi zamanı səhiyyə müəssisələrinin fasiləsiz fəaliyyəti baxımından bəzi çətinliklərin yaranması mümkündür və bu məsələyə indidən diqqət yetirilməlidir”.
Ölkə.az xəbər verir ki, bunu deputat Rəşad Mahmudov parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında çıxışı zamanı deyib.
Deputat qeyd edib ki, bölgələrdə 24 saat fasiləsiz fəaliyyət göstərən dializ mərkəzlərində çalışan yeganə nefroloqun sertifikasiya imtahanından keçə bilməməsi və nəticədə hüquqi olaraq onun müvəqqəti şəkildə işdən kənarlaşdırılması həmin mərkəzin fəaliyyətini iflic edə bilər. “Bu isə orada hər gün həyati əhəmiyyət daşıyan müalicə alan pasiyentlərin sağlamlığı və həyatı üçün ciddi təhlükə yarada bilər”, – o qeyd edib.
Deputat əlavə edib ki, belə hallarda həmin həkimin əvəz olunması üçün yeni ştat cədvəlinin təsdiqi, əvəzləyici mütəxəssisin tapılması və işə qəbul prosedurlarının həyata keçirilməsi zaman tələb edir: “Bu da vətəndaşların tibbi xidmətlərə əlçatanlığında boşluqlar yarada bilər.
Bu baxımdan hesab edirəm ki, artıq qəbul olunmuş bu qanunun tətbiqi mərhələsində aşağıdakı məsələlərin icrası xüsusilə vacibdir:
Ehtiyat kadr bazasının formalaşdırılması;
Regional rotasiya əsaslı əvəzləyici mexanizmlərin hazırlanması;
Keçid dövrü üçün müvəqqəti fəaliyyət icazələrinin hüquqi əsasda nəzərdən keçirilməsi və bütün bu proseslərin həyata keçirilməsi üçün çevik maliyyə dəstəyinin təmin olunması”.
Mürtəza
Ölkə.az