"Oma batığı" barədə. Həkim Nərmin Əzizova

Oma batığı, onurğanın qurtaracağında, beldən aşağıda, qalça qıvrımında və ya  üstündə yerləşən çuxur formasında olan kiçik dəlik və ya yarıqdır. Anadangəlmə anomaliyadır və səbəbi dəqiq məlum deyildir. Bətndaxili  dövrdə inkişaf zamanı formalaşır. Yenidoğulan uşaqların təqribən 2-4%-də rast gəlinir. Oma batığında müşahidə edilən dəri rəngi dəyişikliyi, tük yığımı və dəri damğasının olması ağır ciddi anomaliyanın nişanəsi ola bilər. Bu əlamətlər rast gəlindikdə yanaşı rastlanan anomaliyaları aşkar etmək üçün əlavə müayinələrin aparılması vacibdir.

Oma batığında hansı əlamətlər müşahidə edilir?

Bəzən valideynlərin və ya həkimlərin müayinəsi zamanı nəzərdən qaçan oma batığı əslində vacib diaqnozlardan biridir. Burada vacib məqam batığın sonunun kor qurtarıb – qurtarmamasıdır. Əgər batıq kor qurtarırsa narahat olmağa əsas yoxdur. Amma əgər dib kor qurtarmırsa və ya hər hansı şübhə varsa mütləq həkimə müraciət olunmalıdır. Həkimin məsləhəti ilə ultrasəs müayinəsi aparılmalı və dərin müayinə üçün MRT olunmalıdır. Bəzən dəliyin onurğa kanalına qədər uzandığı müşahidə edilir, bu da “spina bifida” və ya “gərgin onurğa sindromu” kimi anomaliyaların göstəriciləri ola bilər.  Lakin oma batığında aşağıdakı əlavə əlamətlər olduqda daha ciddi yanaşılmalı və lazım olan diaqnostika aparılmalıdır:

  • Oma nahiyəsində şişlik;
  • Dərinin dərin büküşlər yaratması;
  • Həmin nahiyədə doğuş ləkəsi;
  • Həmin nahiyyədə tüklənmə;
  • Piylə dolu olan şişkinlik;
  • 0,5 sm dən daha uzun və ya geniş olan dəlik;
  • Dəlik nahiyəsində dəri rəngində solma;
  • Həmin nahiyyətdə olan ağrılı həssaslıq.

Oma batığının diaqnozu necə qoyulur?

Əsasən müayinə zamanı göz ilə görülür. Oma nahiyəsində dibi görünən batıq olduqda lakin, başqa əlamətlər yoxdursa hər hansı müalicəyə ehtiyac olmadığı bildirilir. Bəzi hallarda ehtiyac olduqda  komputer tomoqrafiya, maqnit rezonans tomoqrafiya və ultrasəs müayinəsi də edilərək patologiya daha dərindən araşdırılır.

Oma batığı necə müalicə edilir?

Çox vaxt müalicəyə ehtiyac yoxdur. Oma batığı dərin olarsa onda içində kir, tər və ya nəcis toplana bilər. Bu toplantılar nəticəsində həmin nahiyə infeksiyalaşa və ya qıcıqlana bilər. Ona görə də oma batığın təmiz saxlanılmasına çalışın. Oma batığının dibi çox nadir hallarda yoğun bağırsağa və ya onurğa kanalına qədər uzanır, bu hallarda əməliyyata ehtiyac ola bilər.

Oma batığı olan uşaqda aşağıdakı əlamətlər varsa mütləq həkimə müraciət edin:

  • Ayaqlarda gücsüzlük;
  • Ayaqlarda uyuşma;
  • Beldən aşağı əzələ səyirmələri;
  • Sidiyə getmənin idarə edilə bilməməsi;
  • Qeyri-iradi nəcis ifrazı.

Bu əlamətlərin olması onurğada problem olduğunu göstərir. Bu zaman mütləq nevroloqla məsləhətləşməyiniz tövsiyə olunur.

Oma batığının ağırlaşmaları nədir?

Kiçik və dərin olmayan batıqlarda ağırlaşmalar görülmür.

Oma batığı olan xəstələrdə dəri  tez-tez infeksiyalaşa bilir. Ona görədə abses və ya kist yarana bilir. Oma batığı nahiyəsində infeksiyalaşma olarsa antibiotiklə müalicə alınmalıdır. Abses yaranarsa isə irin drenə olunaraq çıxarılmağa ehtiyac oluna bilinər.

Yenidoğulan uşaqda əgər onurğa ucunda yəni omada batıqla yanaşı bu əlamətlər varsa həkimə müraciət etməyiniz məsləhət görülür:

  • İrin axması;
  • Qızarıqlıq;
  • Şişmə;
  • Həssaslıq;
  • Yerli temperatur artımı.

İlkin müayinə zamanı hər uşaq bu anomaliya cəhətdən diqqətlə müayinə olunmalı və inkar edilməlidir. Mütləq erkən dövrdə müəyyən edilməlidir ki, qalıcı və ciddi problemlərin qarşısı alınsın. Nəticə olaraq bildirmək istəyirəm ki,  əgər uşağınızın omasında dərin çuxur və ya dəlik müşahidə edirsəniz mütləq həkimə müraciət edin.

 

Həkim Nərmin Əzizova, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya şöbəsinin həkim-neonatoloqu, Azərbaycan Tibb Universitetinin I Uşaq Xəstəlikləri kafedrasının əməkdaşı