Oktyabrın 11-i Ümumdünya Piylənmə ilə Mübarizə Günüdür
Bakı, 11 oktyabr, AZƏRTAC
Araşdırmalara görə, işləyən insanlar gün ərzində təxminən 8, həftədə 40, ildə isə 2 min saatını masa arxasında çalışaraq keçirir. Ofisdə istehlak edilən düzgün olmayan qida rejimi isə piylənmə riskini daha da artırır.
AZƏRTAC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, oktyabrın 11-i Ümumdünya Piylənmə ilə Mübarizə Günü kimi qeyd edilir.
Artıq çəki və piylənmə müasir dövrdə bütün dünyada cəmiyyət və səhiyyə qarşısında duran ən böyük problemlərdən biridir. Piylənmə ürək-damar xəstəlikləri, insult, şəkərli diabet, metabolik sindrom, mədə-bağırsaq problemləri, tənəffüs sistemi xəstəlikləri, sonsuzluq, bəzi xərçəng növləri kimi bir çox xəstəliklərin yaranmasının səbəbi ola bilər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata əsasən, 1975-ci ildən hazırkı vaxta qədər piylənmədən əziyyət çəkən xəstələrin sayı 3 dəfəyə qədər artıb. Ölkəmizdə kişilərin 50 faizi, qadınların isə 60 faizi artıq çəkidən əziyyət çəkir və dünyanın əksər ölkələrində olduğu kimi, bu cür insanların sayı gündən-günə artır.
Piylənmə insan üçün bir sıra problemlər yaradır. Oynaqlarda və sümüklərdə yüklənmə çoxaldığına və ya həddindən artıq olduğuna görə artıq çəki dayaq-hərəkət aparatının xəstəliklərinə aparıb çıxarır. Çəkinin artıq olması fiziki fəallığın intensivliyini aşağı salır. Orqanizmdə piy yığılması ürək-damar, onkoloji xəstəliklərə və diabetə tutulmaq ehtimalını artırır.
Fiziki problemlərdən başqa, piylənmə, eyni zamanda, psixoloji problemlərə də səbəb olur. Piylənmənin əsas səbəbi düzgün olmayan həyat tərzi, azhərəkətlilik, daimi stres vəziyyətində qeyri-düzgün qidalanmaqdır.
Mütəxəssislərin tövsiyələrində bildirilir ki, ofisdə işləyən şəxslər gün ərzində mütləq 1 meyvə, eləcə də 1 ovuc qarışıq meyvə qurusu ilə qidalanmalıdırlar.
Unutmayın ki, asudə vaxtlarınızda hərəkətli olmaqla və düzgün qidalanmaqla piylənmə riskini azaltmaq öz əlinizdədir.