"Tibbi avadanlıqların idarəedilməsi" mövzusunda təlim təşkil edilib

Bakı, 11 oktyabr, AZƏRTAC

Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə həyata keçirdiyi Sağlamlıq üçün Həmrəylik Təşəbbüsünün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əməkdaşlığı çərçivəsində təşkil olunan tibbi avadanlıqların idarəolunması üzrə missiya davam edir.

AZƏRTAC ÜST-nin Azərbaycan nümayəndəliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, ÜST-nin biotibbi mühəndislik üzrə konsultantı Ulian Rotari və ÜST-nin mütəxəssisi Tural Qulu TƏBİB əməkdaşları ilə görüşüb və tibb müəssisələrində aparılan qiymətləndirmələrlə bağlı onları məlumatlandırıb. Görüşdə tibbi avadanlıqların idarəedilməsinin daha səmərəli təşkil edilməsi və standartlaşdırılması ilə bağlı tövsiyələr verilib, qısa və uzunmüddətli perspektivdə görüləcək işlər müzakirə olunub.

Missiya çərçivəsində xəstəxanaların biotibbi mütəxəssisləri üçün “Tibbi avadanlıqların idarəedilməsi” mövzusunda təlim təşkil edilib. Yeni Klinikada təşkil olunan təlimdə 12 tibb müəssisəsindən 25 biotibbi mütəxəssis iştirak edib. ÜST-nin biotibbi mühəndislik üzrə konsultantı tərəfindən verilən təlimdə tibbi avadanlıqların idarə edilməsi, tibbi cihazın etibarlılıq dövrü və saxlanması, oksigen təchizatı və təhlükəsizliyi, yanğın təhlükəsizliyi və təxliyə planları mövzuları əhatə olunub. Təlimin sonunda iştirakçılar sertifikatlarla təltif edilib.