Odenoidin vaxtında aşkarlanması yarana biləcək bir sıra problemlərin qarşısını alır
Bakı, 1 aprel, AZƏRTAC
Əksər valideynlər ağızda yerləşən toxumaları odenoidlərlə səhv salırlar. Odenoidlər haqqında müxtəlif fikirlər var. Kimi onu bir çox xəstəliklərdən qoruyan vasitə, kimi isə xəstəlikləri yaradan, qripi belə ağırlaşdıran bir amil kimi tanıyır.
AZƏRTAC xəbər verir ki, həkim-otolorinqoloq Leyla Seyfullayeva bu barədə deyib: “Odenoid toxuması burun-udlaqda yerləşən limfoid toxumadır. Onun böyüməsi əsasən 3-10 yaşlarında olur. Ona görə də belə uşaqlar ya 3 yaşdan qabaq, ya da 3 yaşdan sonra müayinə edilməlidirlər. Müayinə 3 yaşdan əvvəl edilərkən dərəcəsi müəyyən olunandan sonra hər hansı başqa fəsadlardan qaçmaq olur. Hətta üz quruluşuna, dişlərin düzgün formalaşmasına qədər yarana bilən problemləri müəyyən edərək qabaqcadan tədbir görmək mümkündür”.
Həkim-pediatr Nigar Abdullayeva isə bunları deyib: “Tənəffüs yolları infeksiyaları ilk növbədə burun vasitəsilə orqanizmə daxil olur və odenoidlərin funksiyası onu zərərsizləşdirərək infeksiyanın bütün orqanizmə yayılmasının qarşısını almaqdır. Valideynlər uşaqda odenoidin böyüməsini bir sıra əlamətlərdən hiss edə bilər. Odenoidi böyük olan uşaqlar çətin nəfəs alırlar, nəfəs alarkən və gecə yatarkən ağzı açıq yatırlar, xoruldayırlar. Daim ağzı açıq qaldığı üçün həmin uşaqlarda dodaqlar quruyur, orta qulaq iltihabı daha tez-tez baş verir. Çünki burundan hava getmədiyi üçün qulaqda da müəyyən problemlər yaranır, maye yığılır. Həmin uşaqların çənə quruluşunda müəyyən dəyişikliklər olur, damaq patologiyaları olur”.
Odenoidlər vaxtında müalicə olunmasa, qriplə yanaşı bir çox fəsadlar baş verə bilər.