“Neonatologiyada yeniliklər-2020” adlı beynəlxalq konqres keçirilib
Bakı, 23 noyabr, AZƏRTAC
Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Səhiyyə Nazirliyinin Neonatal Komissiyası, Ankara Universiteti və ABŞ-ın Vanderbilt Universitetinin birgə əməkdaşlığı, “Uptodate in Medicine”nın təşkilatı dəstəyi ilə “Neonatologiyada yeniliklər-2020” beynəlxalq konqresi keçirilib.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən bildirilib.
Ənənəvi olaraq hər il keçirilən konqresdə Azərbaycan ekspertləri ilə yanaşı, Türkiyə və ABŞ-ın neonatologiya sahəsində aparıcı mütəxəssisləri də iştirak ediblər.
Canlı vebinar formatında keçirilən beynəlxalq konqresin təşkilində məqsəd ana və uşaq sağlamlığının qorunması istiqamətində pediatr, neonatoloq, mama-ginekoloq, ailə həkimi, terapevt, o cümlədən digər ixtisaslı tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, həmçinin yerli tibb işçilərini müasir beynəlxalq təcrübə ilə tanış etməkdir.
Səhiyyə Nazirliyinin baş neonatoloqu Rüstəm Hüseynov öz çıxışında yenidoğulanların sağlamlığına ölkəmizdə göstərilən diqqət və qayğının yüksək səviyyədə olduğunu vurğulayıb. O, beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətindən, ən müasir müalicə protokollarının adaptasiyadan sonra tətbiqindən danışıb.
Türkiyənin tanınmış neonatoloqu professor Ömer Erdeve konqres zamanı həmkarları ilə birgə Türkiyənin təcrübəsini Azərbaycan və ABŞ mütəxəssislərlə paylaşmasının, eyni zamanda maraqlı müzakirə aparmaqlarının vacibliyini bildirib.
Qeyd edək ki, konqres Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 12 DTT kredit balı ilə qiymətləndirilib.