Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib

Bakı, 18 sentyabr, AZƏRTAC

Sentyabrın 18-də Milli Məclisin Səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, payız sessiyasının başlaması münasibətilə deputatları təbrik edən komitənin sədri Əhliman Əmiraslanov Azərbaycanda səhiyyə sahəsinin inkişafına göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin imzaladığı sərəncamlardan, Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyəyə göstərdiyi diqqətdən söz açıb.

AZƏRTAC xəbər verir ki, sonra parlamentin 2019-cu il yaz və növbədənkənar sessiyalarında komitədə görülmüş işlərin hesabatı dinlənilib. Qeyd olunub ki, yaz və növbədənkənar sessiyalar zamanı Səhiyyə komitəsində 7 iclas keçirilib, 14 məsələ müzakirə olunub, onlardan 6-sı qanun layihəsi olub, mühüm əhəmiyyət daşıyan həmin qanun layihələri parlamentdə qəbul edilib.

Bildirilib ki, hesabat dövründə Səhiyyə komitəsinə daxil olan 300-ə yaxın ərizə və şikayətin əksəriyyəti müalicənin maliyyə təminatı ilə əlaqədar olub. Müraciətlərə həssaslıqla yanaşılıb, imkan daxilində köməklik edilib. Aidiyyəti üzrə tədbir görülməsi üçün müxtəlif ünvanlara 230 məktub göndərilib. Sessiyalar müddətində komitə sədri 67 vətəndaşı qəbul edib, seçicilərlə çoxsaylı görüşlər keçirib. Komitə üzvləri qanun yaradıcılığında fəallıq göstərdikləri kimi beynəlxalq əlaqələrimizin genişlənməsində, xarici ölkələrdə keçirilən tədbirlərdə Azərbaycanın təmsil olunmasında yaxından iştirak ediblər.

İclasda Səhiyyə komitəsinin 2019-cu ilin payız sessiyası üçün iş planından bəhs edən Əhliman Əmiraslanov bildirib ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edəcəyi qanun layihələri ilə yanaşı, komitədə hazırlanmış “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi də müzakirəyə çıxarılacaq. Həmçinin “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsinin təkmilləşdirilməsinə, ölkəmizdə gələn il yanvarın 1-dən etibarən tətbiq ediləcək icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar normativ hüquqi aktlara dəyişikliklərin edilməsinə, “Onkoloji xəstələrə tibbi yardımın vəziyyəti və perspektivləri”nə həsr olunmuş dinləmələr keçiriləcək.

Müzakirələr zamanı komitə sədrinin müavini Musa Quliyev, deputatlar Qənirə Paşayeva, İlham Məmmədov, Kamaləddin Qafarov, Kamilə Əliyeva ötən sessiyalarda görülmüş işləri təqdirəlayiq hesab edib, səhiyyənin vacib problemlərini önə çəkərək bir sıra təkliflər irəli sürüblər. Sonra parlament Aparatının sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova görülmüş işlər barədə fikirlərini bölüşüb.

Fikir mübadiləsinin yekununda hesabat məqbul sayılıb, iş planı qəbul olunub.

Komitədə ikinci oxunuşda müzakirəyə çıxarılmış “Uşaq hüquqları haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, eləcə də “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə uyğunlaşdırma xarakteri daşıyan qanun layihələrinə də baxılıb və Milli Məclisin plenar iclasına tövsiyə olunub.