Azərbaycanda ürək transplantasiyası sahəsində əldə olunan nailiyyətlər səhiyyəmizin inkişafının qürurverici göstəricisidir

Baxış
1643

Oktyabrın 31-dən noyabrın 6-dək Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunmuş “Ürək transplantasiyası həftəsi”nin keçirilməsi ölkəmizin səhiyyə tarixində əlamətdar hadisələrdən biridir.

Son illərdə Azərbaycanda orqan donorluğu və transplantasiyası sahəsində əldə olunan nailiyyətlər milli səhiyyə sisteminin inkişafının, tibbi imkanların genişlənməsinin və yüksəkixtisaslı mütəxəssislərin peşəkarlığının bariz göstəricisidir. Xüsusilə, Cənubi Qafqazda ilk meyit donordan orqan transplantasiyasının və ilk donor ürək transplantasiyasının məhz Azərbaycanda həyata keçirilməsi ölkəmiz üçün böyük uğurdur.

Ötən bir il ərzində dörd xəstəyə ürək transplantasiyasının aparılması bu istiqamətdə mühüm təcrübənin formalaşdığını və proqramın inkişafı üçün real potensialın mövcudluğunu nümayiş etdirir. Bu nailiyyətlər yalnız müasir tibbi texnologiyaların və cərrahi imkanların göstəricisi deyil, eyni zamanda, insan həyatının xilas edilməsinə yönəlmiş böyük bir kollektiv əməyin nəticəsidir.

Transplantasiya kimi mürəkkəb və yüksək məsuliyyət tələb edən sahənin inkişafı həkimlərin, tibb işçilərinin, müvafiq dövlət qurumlarının və bütövlükdə səhiyyə ictimaiyyətinin əlaqələndirilmiş fəaliyyətini tələb edir. Bu baxımdan Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin və Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin həyata keçirdiyi təşəbbüslər xüsusi təqdirəlayiqdir.

“Ürək transplantasiyası həftəsi” çərçivəsində təşkil olunan elmi-praktik konfranslar, maarifləndirici görüşlər, beynəlxalq təcrübə mübadiləsi və gənc həkimlər üçün praktiki təlimlər bu sahənin davamlı inkişafına mühüm töhfə verir. Xüsusilə, gənc mütəxəssislərin heyvan ürəkləri üzərində keçirilən praktiki transplantasiya kurslarına cəlb edilməsi gələcək kadr potensialının formalaşdırılması baxımından olduqca əhəmiyyətlidir.

Bu tədbirlər bir daha göstərir ki, səhiyyənin inkişafı yalnız əldə edilmiş nailiyyətlərlə kifayətlənməməli, bilik və təcrübənin gələcək nəsillərə ötürülməsi, beynəlxalq standartların tətbiqi və yeni mütəxəssislərin yetişdirilməsi ilə müşayiət olunmalıdır.

Digər mühüm məsələ isə cəmiyyətdə orqan donorluğu mədəniyyətinin formalaşdırılmasıdır. Unutmamalıyıq ki, donor olmaq qərarı bir insanın həyatını itirdikdən sonra başqa bir insana yaşamaq şansı verə bilər. Bu istiqamətdə aparılan maarifləndirmə işləri və ictimai təşəbbüslər böyük sosial və humanist əhəmiyyət daşıyır.

Pediatriya.az olaraq Azərbaycan səhiyyəsinin bu mühüm nailiyyətini böyük məmnuniyyət və qürur hissi ilə qarşılayırıq. Ürək transplantasiyası proqramının yaradılması və inkişafı ölkəmizdə tibb elminin, cərrahi təcrübənin və səhiyyə infrastrukturunun yeni imkanlara doğru irəlilədiyini göstərən müsbət nümunədir.

6 noyabr tarixində “TRANSPLANT 360°” konfransı çərçivəsində keçiriləcək xüsusi master-klassın da bu sahədə bilik və təcrübə mübadiləsinə, gənc mütəxəssislərin peşəkar inkişafına mühüm töhfə verəcəyinə inanırıq.

Bu münasibətlə Azərbaycan Ürək və Damar Cəmiyyətini, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzini, bu uğurun əldə olunmasında əməyi olan bütün həkimləri, tibb işçilərini və təşkilatçıları ürəkdən təbrik edirik.

Ölkəmizin səhiyyəsinin inkişafına, insan həyatının xilasına və müasir tibbi imkanların genişləndirilməsinə xidmət edən bu nəcib fəaliyyətin davamlı olmasını arzulayır, bütün mütəxəssislərə yeni uğurlar və nailiyyətlər diləyirik.

Azərbaycan səhiyyəsinin belə uğurları hər birimiz üçün qürur mənbəyidir!

 

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin