Körpələrdən "daban testi" götürüləcək - Azərbaycanda
“Daban testi” ilə əqli geriliyi, gələcəkdə ölümə səbəb ola biləcək xəstəlikləri də müəyyənləşdirmək mümkündür
Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 13 sentyabr — Sputnik. Bu gün dünyanın bir çox ölkələrində yeni doğulmuş körpələrdən “daban testi” götürülür. Bu testin götürülməsində məqsəd isə yeni doğulmuş körpədə bir müddət görünməz olan, lakin sonradan özünü biruzə verəcək xəstəlikləri aşkarlamaqdır. Bu cür xəstəliklər sırasına müalicə edilən bilən müxtəlif metabolik və hormonal problemlər də daxildir. Qeyd edək ki, analiz zamanı qan uşağın dabanından götürüldüyündən, buna çox zaman “daban testi” deyilir.
Körpə doğulandan sonra 10 gün 48 saatdan gec olmayaraq götürülən bu testlər onun gələcək həyatı üçün çox önəmlidir.
Artıq bir müddətdir ki, ölkəmizdə, daha dəqiq desək, müxtəlif özəl klinikalarda “daban testi” həyata keçirilir. Bu testin qiyməti isə 150 manatdan başlayır. Dövlət xəstəxanalarında isə hələlik, belə bir proqram icra olunmur. Lakin yaxın aylarda pulsuz olaraq övladını “daban testi”ndən keçirtmək istəyən valideynləri şad xəbər gözləyir.
Baş pediatr Nəsib Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bu haqda məlumat verib: “Bu testlə müxtəlif xəstəliklərə görə erkən diaqnoz qoyulur. Yəni gələcəkdə aşkarlanan xəstəliklərə nəzarət etməklə, müəyyən dərman preparatları qəbul etməklə riskləri azaltmaq mümkündür. Müəyyən pəhrizli qidalarla da xəstəlik aşkarlanan körpəni qorumaq mümkün olur. Əlavə olaraq qeyd edim ki, qalxanvari vəzi funksiyasının anadangəlmə aşağı olması kimi bir sıra xəstəlikləri müəyyənləşdirmək mümkündür”.
“Artıq daban testinin dövlət xəstəxanalarında da reallaşdırılması üçün respublikamızda hazırlıqlar aparılır, bunun üçün müəyyən avadanlıqlar əldə olunur. Bütün lazımi işlər yekunlaşdıqdan sonra isə yeni doğulanlarda bir sıra irsi xəstəliklərin diaqnostikası məqsədilə “Skrining proqram”ı (Screening Programme) tətbiq olunacaq. Yəqin ki, öncədən bununla bağlı olaraq hansısa bölgədə bir pilot layihə reallaşdırılacaq. Bu proqram dövlət vəsaiti hesabına baş tutacaq və pulsuz olacaq” – deyə o, əlavə edib.
İl ərzində təxminən 130 mindən artıq körpənin dünyaya gəldiyini vurğulayan ekspertin sözlərinə görə, bunun üçün böyük bir sistemin qurulması o qədər də asan deyil.
Həmsöhbətimiz proqramın nə zaman işə başlayacağı ilə bağlı dəqiq məlumat verə bilməyəcəyini, lakin buna sürətlə hazırlıq görüldüyünü vurğulayıb.
Bu test zamanı xüsusi hazırlanmış kağıza 9-10 damla qan axıdılır. Nəticələr bir həftədən sonra məlum olur. Bu zaman uşaqda ola biləcək 50-dən çox irsi xəstəlik müəyyən edilir.
Sözsüz ki, testin nəticəsi uşaqda bu və ya digər xəstəliyin olduğunu 100 faiz müəyyən etmir. Lakin həkimlər testin nəticəsinə görə, şübhə yaranarsa, valideynə ixtisaslaşmış şöbəyə müraciət etmək üçün göstəriş verə bilərlər.