Körpələrdə məmə şişməsi – Şeytan südü

Yenidoğulmuş körpələrdə süd vəzisinin şişməsinin əvvəllər nə olduğu bilinmədiyi üçün yaşlılar əfsanəyə görə uşağın döşündə şeytan südü olduğunu iddia edirdilər və uşağın döşünü sıxaraq bu südü çıxarırdılar.

Aztibb.az-a müsahibəsində uzman endokrinoloq Azad Əkbərzadə bildirib ki, elmin inkişaf etmədiyi bir dövrdə belə müalicə ənənələri adi hal idi. Amma bunun hələ də günümüzdə davam etməsi doğru deyil.

“Bu xəstəlik deyil və müalicəyə ehtiyac yoxdur. Sıxmaq, südünü çıxarmaq, masaj etmək, kamfora yağı qoymaq və s. qəti qadağandır. Bir müddət sonra (adətən 6 ay) süd vəziləri yenidən normal vəziyyətinə qayıdır. Bəzən də bu müddət uzana bilir”,- həkim bildirib.

Qeyd edib ki, daha böyük qız uşaqlarında 8 yaşdan əvvəl məmə böyüməsi erkən cinsi yetişkənliyin əlaməti ola bilər. Bu səbəbdən müayinə edilməlidirlər.

Oğlan uşaqlarında isə cinsi inkişaf dövründə süd vəzilər bir qədər böyüyür və hətta ağrılı ola bilir. Bu vəziyyət də normaldır və müalicəyə ehtiyacı yoxdur. Eyni zamanda oğlanlarda süd vəzi böyüməsi kökəlməyə bağlı ola bildiyi kimi (yalançı ginekomastiya) ciddi bir xəstəliyin əlaməti də ola bilər.

Həkim əlavə edib ki, buna görə də, şübhəli vəziyyətdə həkiminizə müraciət etməyiniz məsləhətdir. “Şeytan”la mübarizədə güclərimizi birləşdirək!