Körpələr neçə saat yatmalıdır?
Bakı, 19 aprel, AZƏRTAC
Yeni doğulmuş körpələrdə gecələr oyanma halı normaldır. Bu, onları ani körpə ölümü sindromundan (SIDS) da qoruyur. Alimlərin fikrincə 12 saatlıq yuxu rejimi körpələr üçün qızıl standart hesab olunmamalıdır.
Bütün yorğun valideynlər gecə körpələrinin yuxuya gedəcəkləri anı səbirsizliklə gözləyirlər. Körpələrin az yatması ilə bağlı ilk elmi məsləhətlər 1897-ci ildə dərc edilib. Rusiyalı professor yuxu haqqında Londonun “Contemporary Science Series” jurnalında körpələrin sutka ərzində 22 saat yatmalı olduğunu qeyd edib. Sonrakı yüz ildə bu müddət nisbətən qısaldılsa da, məsləhət görülən yuxu saatları körpələrin faktiki rejimindən təxminən 37 dəqiqə çox olub və onilliklər boyu valideynlərdə narahatlıq hissi yaradıb.
AZƏRTAC BBC-yə istinadla bildirir ki, ekspertlər yuxunun körpələr və azyaşlılar üçün çox vacib olmasında həmfikirdirlər.
London Goldsmiths Universitetinin yuxu psixologiyası professoru və “İstirahət: yuxu haqqında elm” (“Nodding Off: The Science of Sleep”) kitabının müəllifi Alice Gregory deyir ki, “Böyüklərdə olduğu kimi, körpələrdə də yuxu rejimi fərqlidir”.
Gregory qeyd edir ki, “ABŞ Milli Yuxu Fondu üç aylığına qədər olan körpənin 24 saat ərzində minimum 11, maksimum 19 saat olmaqla yatmasını tövsiyə edir. Amerikanın Yuxu Tibb Akademiyası isə dörd aydan kiçik körpələr üçün heç bir tövsiyə vermir. Bu təşkilatlardan heç biri gündüz və gecə yuxusunun dövrü ilə bağlı konkret tövsiyələr səsləndirmir”.