Körpə və yenidoğulmuşlara göstərilən xidmətlər üzrə təlimlər keçirilib

Bakı, 9 iyul, AZƏRTAC

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən BMT-nin Uşaq Fondunun (UNICEF) dəstəyi ilə ilkin səhiyyə işçiləri üçün körpə və yenidoğulmuşlara göstərilən xidmətlər üzrə təlimlər keçirilib.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlimdə Samaxı şəhərində ilkin səhiyyə səviyyəsində çalışan pediatr, ailə həkimləri və patronaj tibb bacıları iştirak ediblər.

Erkən uşaqlıq dövrü, patronaj tibb bacısının yeni rolu, uşaqlarda inkişafın dəstəklənməsi və izlənilməsi, valideynliketmə və uşaqların inkişafına qayğı, fərqli inkişaf edən uşaqlar (əlilliyi və inkişaf geriliyi olan uşaqlar), uşağa qarşı sevgi – valideynlərlə iş və s. mövzular üzrə iştirakçılara geniş və ətraflı məlumat verilib. Təlimdə, həmçinin uşaqlıq dövrü xəstəlikləri – öskürək və ya çətinləşən nəfəsalma, ishal, qızdırma, pis qidalanma və anemiya, o cümlədən sağlam uşaqlara düzgün qulluq, körpə və erkən yaşlı uşaqların qidalanması kimi məsələlərə geniş yer verilib və iştirakçıların sualları cavablandırılıb.

İlkin səhiyyə xidmətlərində çalışan tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədi daşıyan təlim təcrübəli həkim-mütəxəssislər Nigar Hacıyeva, Sənubər Vəliyeva, Təranə Seyidməmmədova və Rübabə Quliyeva tərəfindən aparılıb.

PROACT Təlim Proqramı çərçivəsində həyata keçirilən təlimin fəal iştirakçılarına İctimai Səhiyyə İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə və UNICEF-in Azərbaycandakı nümayəndəliyinin Səhiyyə və qidalanma proqramının rəhbəri Töhfə Cəmilovanın iştirakı ilə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, layihə çərçivəsində, həmçinin İSİM tərəfindən 4 klinik protokol və 3 metodik vəsaitin hazırlanması nəzərdə tutulub.