Koronavirus Almaniyaya “pəncərə açıb”
Berlin, 28 yanvar, AZƏRTAC
Bavariyanın Münxen yaxınlığında yerləşən Ştokdorf şəhərciyinin sakinində dünyada daha çox koronavirus adı ilə məşhur olan təhlükəli “2019-nCoV” virusu aşkar edilib.
AZƏRTAC xəbər verir ki, 33 yaşlı xəstə təcrid edilib. Almaniyanın ilk koronavirus daşıyıcısı ilə birbaşa təmasda olan şəxslərin hamısı xəstəliyin ilkin əlamətləri barədə məlumatlandırılıb.
Məlum olub ki, müəyyən müddət əvvəl onun ofisinə çinli qadın gəlib. Qadın vətənə qayıdandan sonra onda həmin virus aşkar edilib.
Yeni tip koronavirusun yayılma ocağı olan Çinlə yanaşı, bu virusa yoluxma halları Tailand, Cənubi Koreya, Yaponiya, Avstraliya, Sinqapur və ABŞ-da qeydə alınıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin