Kişilərdə də sinə xərçəngi olurmuş — Cərrah mammoloq xəstəliyin əlamətlərini açıqladı (MÜSAHİBƏ)

“Süd vəzi xərçəngi kişilərdə az rast gəlinir, lakin daha təhlükəlidir”-  Cərrah-mammoloq -onkoloq  Eslanda Səlimova ilə müsahibə

Dünyada hər il milyonlarla insana xərçəng diaqnozu qoyulur. Ümumdünya Səhiyyə Təşkilatının 2020-ci il üzrə məlumatına əsasən, qlobal miqyasda 19,3 milyon yeni xərçəng hadisəsi qeydə alınıb və onlardan təxminən 2,3 milyonu süd vəzi xərçənginə aiddir. Süd vəzi xərçəngi qadınlar arasında ən çox yayılan xərçəng növüdür .Təəssüf ki, bu statistika ildən-ilə artmaqdadır.

Azərbaycanda da vəziyyət narahatedicidir. Təkcə 2022-ci ildə 2,565 nəfər qadına süd vəzi xərçəngi diaqnozu qoyulub və ümumilikdə 16 mindən çox qadın bu diaqnozla qeydiyyatdadır. Xəstəliyin erkən mərhələdə aşkarlanması isə həyatda qalma  şansını əhəmiyyətli dərəcədə artırır.

Uzun illər bu xəstəlik əsasən qadınlarla əlaqələndirilsə də, son dövrlərdə statistikalar göstərir ki, kişilərdə də süd vəzi xərçənginə rast gəlinir.Bu, cəmi 1 faiz  təşkil edir. Lakin kişilərdə sinə xərçəngi  xəstəliyi daha aqressiv gedişə malik olur və çox zaman gec diaqnoz edilir.

Bəs, süd vəzi sağlamlığını necə qorumaq lazımdır? Risk faktorları hansılardır? Genetik meyllilik nə dərəcədə təsir edir? 

Sadalanan suallara cavab tapmaqla yanaşı, mammoqrafiya, ultrasəs müayinəsi, biopsiya və risk faktorları haqqında da geniş və dəqiq məlumat əldə edəcəksiniz.

Oxu24.com-un əməkdaşı  problemin ciddiliyini nəzərə alaraq cəmiyyətdə tibbi maarifləndirmə aparmaq,əhalinin sağlamlığına dəstək olmaq məqsədi ilə  cərrah-mammoloq- onkoloq  Eslanda Səlimova ilə həmsöhbət olub.

Həmin müsahibəni təqdim edirik:

– Eslanda xanım, süd vəzisində narahatlıq hiss edən pasiyent ilk olaraq hansı müayinədən keçməlidir?

– Əgər süd vəzində şişkinlik, ağrı, sərtlik və ya digər dəyişiklik müşahidə edilirsə, mütləq həkimə müraciət olunmalıdır. Həkimin göstərişinə əsasən, ilk olaraq ultrasəs müayinəsi (USM) və ya mammoqrafiya aparılır. Bu iki müayinə bir-birini tamamlayır və daha dəqiq nəticə əldə etməyə imkan verir.

– Mammoqrafiya ilə ultrasəs müayinəsi arasında hansı fərqlər var?

– Ultrasəs müayinəsi 35 yaşa qədər olan qadınlar üçün daha uyğundur, çünki bu yaşda süd vəzi toxuması daha sıx olur. 40 yaşdan yuxarı qadınlarda isə mammoqrafiya əsas diaqnostik üsul sayılır.

Ən ideal variant – 35-40 yaşdan sonra hər iki müayinənin birlikdə aparılmasıdır. Belə olduqda, biri ilə aşkarlanması mümkün olmayan dəyişiklik digər müayinə ilə müəyyən edilə bilər.

– Ailədə süd vəzi xərçəngi olan xanımlar üçün risk hansı səviyyədə olur?

– Əgər birinci dərəcəli qohumlarda – ana, bacı və s.  süd vəzi xərçəngi aşkarlanıbsa, bu xanımların xəstəliyə tutulma riski 2 dəfə artır. Əgər bir neçə yaxın qohumda bu diaqnoz olubsa, risk 5 dəfəyə qədər yüksəlir.

Bu cür hallarda BRCA1 və BRCA2 gen mutasiyalarına dair genetik testlər tövsiyə olunur. Çünki bu mutasiyalar mövcud olduqda süd vəzi və yumurtalıq xərçəngi riski 70%-ə qədər yüksələ bilər.

– Kişilərdə süd vəzi xərçəngi mümkündürmü?

– Bəli, kişilərdə də süd vəzi xərçəngi müşahidə oluna bilər. Süd vəzi xərçəngi hallarının təxminən 1%-i kişilərdə qeydə alınır. Lakin bu zaman xəstəlik daha aqressiv və müalicəyə daha çətin tabe olur. Bu səbəbdən kişilər üçün də erkən diaqnostika və genetik risk faktorlarının müəyyən edilməsi çox vacibdir.

– Kişilərdə sinə böyüməsi hər zaman xəstəlik əlamətidir?

– Bu vəziyyətə jinekomastiya deyilir və iki forması mövcuddur:

1. Yalancı jinekomastiya – piylənmə nəticəsində sinə böyüməsi

2. Həqiqi jinekomastiya – süd vəzi toxumasının böyüməsi

Əgər bu vəziyyət 18 yaşdan sonra geriləmirsə və estetik narahatlıq yaradırsa, estetik cərrahiyyə ilə aradan qaldırıla bilər.

– Xanımlarda süd vəzisində ağrı, həssaslıq və ya axıntı nədən qaynaqlanır?

– Süd vəzi ağrıları iki qrupa bölünür:

1. Menstrual dövrə bağlı ağrılar – adətən menstruasiyadan 5-7 gün əvvəl başlayır və sonra keçir.

2. Menstrual dövrdən asılı olmayan ağrılar – hormonal pozğunluq, stress və əzələ gərginliyi ilə əlaqəli ola bilər.

Əgər axıntı müşahidə edilirsə, prolaktin və digər hormon testləri aparılmalıdır.