İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Mayın 1-dən etibarən işə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışları elektron formada tibb müəssisələrindən rahat və operativ şəkildə əldə etmək mümkün olacaq.

“Report” xəbər verir ki, elektron tibbi arayış xidmətinin təqdimatı ilə bağlı tədbir keçirilib.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov ölkədə informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi, xüsusən də dövlət xidmətlərinin elektronlaşdırılması sahəsində yeni bir mərhələ başlandığını qeyd edib: “Hazırda TƏBİB-in tabeli tibb müəssisələrində ən çox müraciət olunan arayışlar – işə, təhsil müəssisələrinə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlardır. Ötən il ərzində 28 893 nəfərə “Ali məktəblərə, kolleclərə, liseylərə daxil olan abituriyentlər və işə qəbul olunanlar üçün”, 4 404 nəfərə isə “Sürücülüyə yararlı olmaq barədə” tibb arayış təqdim olunub”.

V.Qurbanov vurğulayıb ki, uzun müddət TƏBİB-in Daxili işlər, Əmək və əhalinin sosial müdafiəsi nazirlikləri ilə əməkdaşlığı çərçivəsində artıq elektron arayışlar müvafiq alt sistemlərə inteqrasiya olunub: “Hazırda Elm və Təhsil Nazirliyi ilə ali məktəblərə, kolleclərə, liseylərə qəbul olunan abituriyentlər üçün də sağlamlıq arayışları elektronlaşdırılır”.

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Vüsal Məsiyev isə “elektron hökumət” və “kağızsız hökumət”ə keçidlə bağlı görülən işlər barədə ətraflı məlumat verib, müxtəlif dövlət qurumlarında vətəndaşların informasiyalarının elektronlaşdırılmasının önəmini diqqətə çatdırıb: “Biz artıq 16-17 dövlət qurumu ilə bu istiqamətdə işlər aparmışıq, məlumatları inteqrasiya etmişik. Sağlamlıq barədə arayışlarının da elektronlaşdırılması kağız daşıyıcılardan istifadəni azaldacaq. Bu, “yaşıl dünya” naminə də böyük töhfə verir”.

Elm və təhsil nazirinin müavini Həsən Həsənov çıxışında arayışların elektronlaşdırılmasının vətəndaşlara xidmət çərçivəsində xüsusi önəm daşıdığını bildirib: “Hər il təkcə ali məktəbə qəbul olunan 65 mindən çox abituriyent arayış təqdim edir. Bütün bu arayışları bir-bir çap variantda araşdırmaq nə qədər vaxt itkisinə səbəb olurdu. Biz bu prosesi nə qədər sürətli etsək, vaxta da qənaət etmiş olarıq. Bu prosesin elektronlaşması vətəndaşların keçəcəyi prosesin daha rahat və şəffaf olmasına imkan yaradacaq”.

Qeyd olunub ki, elektron arayışlar kağız daşıyıcı ilə eyni hüquqi qüvvəyə malikdir.