İmtahanqabağı qidalanma

Bakı, 12 avqust, AZƏRTAC

İmtahana hazırlaşarkən mütləq qida rejiminə əməl olunmalıdır. Abituriyent bioloji aktiv maddələrlə zəngin qida qəbul etməlidir. Bunlara meyvə, tərəvəz, göyərti, şokolad və mineral elementlər kompleksi daxildir. İntensiv intellektual gərginlikdə bitki dəmləmələri də qəbul etmək vacibdir. Məsələn, qara çörəkotu əsəb sistemini tənzimləyir. Bir fincan qaynar suya 2 çay qaşığı əzilmiş qara çörəkotu əlavə edib içməklə beyin aktivliyini artırmaq olar. Bəzi ayaqüstü qidalardan və qazlı içkilərdən uzaq durmaq məsləhətdir. Gün ərzində 1-2 fincandan artıq kofe qəbul etmək olmaz. Alkoqol, o cümlədən pivə içilməsi normal yuxu ritmini pozur, səbəbsiz pessimizm, yaxud özünü doğrultmayan optimizm təlqin edir.

Bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin həkim-diyetoloqu Leyla Zülfüqarlı məlumat verib.

Onun dediyinə görə, qorxu və həyəcandan xilas olmaq üçün kələm salatı, mənfi emosiyaları neytrallaşdırmaq üçün gündə azı 150 qram çiyələk yemək məsləhətdir. Yorğunluğu götürmək və düşüncəni surətləndirmək üçün tərkibi B vitaminlər qrupu ilə zəngin olan ət, balıq, sıyıq, qoz yemək yaxşı nəticə verir.

Həkim-diyetoloq gün ərzində beyini qidalandıran bir resept də təklif edib: “150 qram çəkilmiş alma yarım portağal şirəsi ilə qarışdırılaraq üzərinə 10 ədəd təmizlənmiş qoz ləpəsi və 2 çay qaşığı bal əlavə edilir. Həmin qarışığı qəbul etməklə gün ərzində yorulmadan imtahana hazırlaşmaq olar”.

Həmsöhbətimiz onu da qeyd edib ki, imtahana gedərkən doyunca yemək məsləhət deyil. Belə olanda qan dövranı qidanın həzminə yönəlir, beyində heç nə qalmır, yuxulu vəziyyət yaranır. Kofe içməklə onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirmək lazım deyil. Şokoladla yaşıl çay içmək daha yaxşıdır.