İcbari tibbi sığortaya keçid səhiyyənin inkişafında yeni mərhələ olacaq

Bakı, 9 avqust, AZƏRTAC

Sosial Tədqiqatlar Mərkəzində “İcbari tibbi sığorta: reallıq və perspektivlər” mövzusunda seminar keçirilib.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, qurumun İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc son illər ölkə səhiyyəsində baş verən yeniliklər, əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəlişi barədə danışaraq qeyd edib ki, seminarda səslənən fikirlər, irəli sürülən təkliflər gələcəkdə hazırlanan sənədlər üçün də əhəmiyyətli mənbə rolu oynaya bilər.

Tanınmış ürək cərrahı, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Rəşad Mahmudov müstəqillik illərində ölkəmizdə səhiyyə infrastrukturunun inkişafı və digər büdcə ayırmalarının xidmətin keyfiyyətinə müsbət təsirindən, eləcə də xəstəliklərin azalması, bir sıra xəstəliklərin minimuma endirilməsi sahəsində görülən işlərdən, ölkəmizdə pilot layihə kimi tətbiq olunan icbari tibbi sığortanın uğurlarından danışıb. O, Dünya Səhiyyə Təşkilatının hesabatlarından gətirilən misallarla müxtəlif ölkələrdə səhiyyənin vəziyyəti ilə əlaqədar oxşar və fərqli məqamları təhlil edib.

Tədbirdə həyata keçirilən islahatlar, tibb müəssisələrinin fəaliyyətindəki yeniliklər, bir çox çətin əməliyyatların bölgələrdəki xəstəxanalarda uğurla aparılması və əhalinin müasir, keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının təmin olunması barədə görülən işlərdən də bəhs olunub. Kadr potensialının gücləndirilməsi məqsədilə pilot ərazilərin tibb işçilərinin xarici ölkələrdə təlim və təcrübə proqramlarına göndərilməsinin yüksək səmərəsi, bütün bunların ölkə əhalisinin sağlamlığının yaxşılaşmasına göstərilən diqqət və qayğının ifadəsi olduğu bildirilib.

Seminarda tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə tibbi yardımın keyfiyyətini yüksəltmək, əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək üçün icbari tibbi sığortanın tətbiq olunmasının zəruriliyi qeyd olunub.