Həkim Nərmin Əzizova: “Süni intellekt həkimi əvəz etməkdən çox, onun güclü köməkçisinə çevrilə bilər”

Baxış
334

Son zamanlar süni intellekt həyatımızın bir çox sahəsinə sürətlə daxil olur. Artıq bir sıra işlərdə insan əməyini əvəz edən və gündəlik fəaliyyətimizi xeyli asanlaşdıran süni intellekt alətlərindən istifadə edirik. Bəs gələcəkdə bu texnologiyanın tibbdə rolu necə olacaq? Süni intellekt həkimləri əvəz edə bilərmi? Bu və bu səpkidə olan digər suallarla Pediatriya.az portalının təsisçisi həkim Nərmin Əzizovaya müraciət etdik.

Nərmin xanım, son illər süni intellekt çox sürətlə inkişaf edir və bir çox sahələrdə insan əməyini əvəz etməyə başlayır. Sizcə, gələcəkdə tibbdə vəziyyət necə olacaq?

— Düşünürəm ki, süni intellekt gələcəkdə tibbdə çox böyük rol oynayacaq. O, həkimlərin gündəlik işlərinin bir çox hissəsini əhəmiyyətli dərəcədə asanlaşdıra bilər. Xüsusilə analizlərin və tibbi görüntülərin təhlili, xəstə haqqında məlumatların sistemləşdirilməsi, tibbi ədəbiyyatın araşdırılması və diaqnostik ehtimalların qiymətləndirilməsi kimi sahələrdə AI həkimə ciddi dəstək verə bilər. Amma mən süni intellektin həkimi tamamilə əvəz edəcəyini düşünmürəm. Çünki həkimlik yalnız məlumatı təhlil etmək və diaqnoz qoymaqdan ibarət deil. Həkim xəstəni görür, müayinə edir, onun şikayətlərini dinləyir, vəziyəti bütünlüklə qiymətləndirir və verdiyi qərarın məsuliyyətini daşıyır.

Yəni süni intellekt həkimin rəqibindən daha çox köməkçisinə çevrilə bilər?

— Bəli, məncə, əsas istiqamət məhz bu olacaq. Gələcəyin həkimi süni intellektlə rəqabət aparmaqdan daha çox, ondan düzgün istifadə etməyi bacarmalıdır. AI həkimə daha çox məlumatı daha qısa müddətdə təhlil etməyə, müəyyən səhvlərin qarşısını almağa və vaxtını daha çox xəstəyə ayırmağa imkan verə bilər.

Bəs süni intellektdən əldə olunan məlumatlara yanaşmamız necə olmalıdır?

— Süni intellekt çox böyük həcmdə məlumatı qısa zamanda təhlil edərək istifadəçiyə təqdim edə bilir. Lakin əldə olunan məlumatın mənbəyinə və etibarlılığına diqqət etmək hər zaman vacibdir. Xüsusilə tibbi mövzularda müxtəlif mənbələrdə fərqli məlumatlarla qarşılaşmaq mümkündür. Buna görə də süni intellektdən istifadə edərkən təqdim olunan məlumatın mənbəyini soruşmaq, həmin mənbələri nəzərdən keçirmək və məlumatı düzgün təhlil etmək lazımdır.

Bəs tibbi məsələlərdə AI-nin verdiyi məlumatla kifayətlənmək olarmı?

— Xeyr. Tibbi məlumatı əldə etmək üçün süni intellektdən faydalanmaq mümkündür, lakin bu məlumat əsasında özbaşına diaqnoz qoymaq və müalicə qərarı vermək düzgün deyil. Mütləq həkimlə məsləhətləşmək lazımdır. Əslində, süni intellekt platformalarının özləri də təqdim etdikləri tibbi məlumatların həkim məsləhətini əvəz etmədiyini və istifadəçinin həkimlə məsləhətləşməli olduğunu bildirirlər.

Nərmin xanım, bəs gələcəyin həkimi necə olacaq?

— Məncə, gələcəyin həkimi texnologiyadan qorxan deyil, onu düzgün və məsuliyyətli şəkildə istifadə etməyi bacaran həkim olacaq. Süni intellekt həkimin işini müəyyən mənada asanlaşdıracaq, lakin həkim-pasiyent münasibətində insan amili hər zaman mühüm olaraq qalacaq.

Deməli, əsas məsələ AI-nin həkimi əvəz edib-etməyəcəyi deyil?

— Bəli. Məncə, gələcəyin əsas sualı “süni intellekt həkimi əvəz edəcəkmi?” yox, “süni intellektdən düzgün istifadə edən həkim nə qədər daha güclü olacaq?” sualıdır. AI tibbin inkişafına böyük töhfə verə bilər və biz bu texnologiyadan düzgün istifadə etməyi öyrənməliyik.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin